"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda fəaliyyət göstərən Şahdağ Truskaves Reabilitasiya Mərkəzində müalicə alan şəhid ailələri və qazilərlə hüquqi maarifləndirmə görüşü keçirilib.
Tədbirdə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov, Şahdağ Truskaves Reabilitasiya Mərkəzinin rəhbəri Cəmil Məhərrəmzadə, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, şəhid ailələri və qazilər dövlətimizin və cəmiyyətimizin ən böyük mənəvi dəyərləridir. O vurğulayıb ki, rəhbərlik etdiyi ictimai birlik fəaliyyətinin əsas istiqamətlərindən biri məhz şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin aidiyyəti qurumlara çatdırılması və mənəvi dəstəyin göstərilməsidir.
Tünzalə Abduləlimova qeyd edib ki, bu cür görüşlərin keçirilməsi iştirakçıların hüquqi maariflənməsinə, mövcud problemlərinin dinlənilməsinə və həlli istiqamətində zəruri addımların atılmasına xidmət edir. O, gələcəkdə də şəhid ailələri və qazilər üçün müxtəlif sosial, hüquqi və maarifləndirici layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov bildirib ki, şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi hər bir hüquqşünasın üzərinə düşən mühüm vəzifələrdəndir. O, iştirakçıların hüquqi məsələlərlə bağlı müraciətlərini dinləyərək qanunvericiliyin tələblərinə uyğun izahlar verib və hüquqi dəstəyin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Şahdağ Truskaves Reabilitasiya Mərkəzinin rəhbəri Cəmil müəllim çıxışında mərkəzdə şəhid ailələri və qazilər üçün yaradılmış müasir müalicə və reabilitasiya şəraitindən danışaraq, onların sağlamlıqlarının bərpası və sosial həyata daha fəal inteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Görüş zamanı iştirakçıların pensiya, sosial təminat, müavinətlər, mənzil, məşğulluq, əlillik, vərəsəlik və digər hüquqi məsələlərlə bağlı sualları cavablandırılıb, müraciətləri dinlənilib və bir sıra məsələlərin həlli istiqamətində hüquqi məsləhətlər verilib.
Sonda şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür görüşlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi bundan sonra da dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində şəhid ailələri və qazilərə dəstək məqsədilə müxtəlif layihə və tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






