Sentyabrın 1-də Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində  tədbir- konfrans keçirmişdir. 

QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba şöbəsinin, Fifiyena və epidemologiya idarəsinin, Quba rayon bələdiyyə üzvləri, təhsil və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 


Tədbiri giriş sözü ilə Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzinin direktoru Eynulla Xeyrullayev açdı və konfransın iqlim dəyişmələri kimi  əhəmiyyətini qeyd etdi.  E.Xeyrullayev davam edərək bildirdi ki, Quba rayonu kimi füsunkar təbiəti  olan yerdə daşqın hadisələri tez-tez baş verir hətta rayonda heç vaxt sel olmayan kəndlərdə belə , su problemi olan yerlərdə belə daşqınlar baş verir və əhali əziyyət çəkir. Quba rayonunda çaylardan içməli su götürmək artıq mümkün deyil hansı ki, bir zamanlar bu rayon su ilə bütün əhalini təmin edə bilirdi. Bu cür maarifləndirici tədbirləri rayonda tez-tez təşkil etmək işin faydasına olardı və ictimaiyyət qlobal istiləşmə barədə akademik məlumatlara malik ola bilərdi. 

Layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Quba rayonunun Azərbaycanın Turizm mərkəzlərindən biri olduğunu və burada mövcud yaşıllığın və su ehtiyatlarının mühafizəsinin hər birimizin vacib olduğunu qeyd etdi və  layihə haqqında məlumat verərək bildirdi ki, qlobal temperaturun artması ilə müşayiət olunan və özü ilə birlikdə çoxlu ətraf mühit dəyişiklərinə səbəb olan hadisələr, gələcəkdə baş verə biləcək təbii hadisələrin mövcud vəziyyəti, mümkün proqnozları barədə danışdı.

 

Bildiyimiz kimi 1750-ci ildən başlayaraq sənayenin inkişafı ilə paralel olaraq atmosferdə istilik effekti yaradan qazların artması (karbon dioksid, metan, Azot oksidləri və sair) iqlimdə bir çox dəyişikliyə səbəb olmuşdur. Paralel olaraq dünya əhalisinin və Azərbaycanda əhali artımı dünyada olan meşə və yaşıllıq ərazilərini xeyli azaltmışdır ki, buda, atmosferdə olan karbon qazını (CO2) udaraq əvəzində bütün kainatı oksigenlə təmin edən yaşıllıq ərazilərinin dəfələrlə azalmasına səbəb olmuşdur. Quba rayonu meşə ilə örtülü ölkənin nadir regionlarından biri olduğundan burada meşələri sadəcə qorumağa ehtiyac var.

S.Həsənov mövzu üzrə daha geniş məlumat vermək üçün sözü layihənin təlimçisi, Radiasiya Problemləri institutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudova verdi. H. Mahmudov çıxış edərək bildirdi ki, dünya üzrə tədqiqatçılar tərəfindən aparılan minlərlə araşdırma Yer səthində, eləcə də atmosfer və okeanlarda temperaturun yüksəldiyini qeydə almışdır. Qlobal iqlimin bir çox digər aspektləri də dəyişir. Həddindən artıq yüksək temperatur və güclü yağıntı hadisələri artır, buzlaqlar və qar örtüyü azalır, dəniz buzları geri çəkilir.

 

Dənizlər istiləşir, su səviyyəsi yüksəlir, turşuluğun konsentrasiyası artır və daşqınlar daha tez-tez baş verir. Yağışlı mövsümlər daha əvvəlki dövrlərlə müqayisədə uzundur və eyni zamanda iri meşə yanğınları daha tez-tez baş verir. Bir çox növlər yeni yerlərə köçür, biomüxtəliflik pozulur və iqlim dəyişikliyinin nəticəsi mühüm bioloji hadisələrin mövsümi vaxtında dəyişikliklərə səbəb olur.
 

H.Mahmudov davam edərək qeyd etdi ki, İnsan fəaliyyəti nəticəsində yaranan istixana qazları emissiyaları onilliklər və hətta əsrlər boyu Yer kürəsinin iqliminə təsir göstərməyə davam edəcək. İnsanlar karbon qazını təbii proseslərlə atıldığından qat-qat yüksək sürətlə atmosferə əlavə edərək, atmosferdə və okeanlarda uzunömürlü qaz anbarı yaradır bu da iqlimi daha isti və kəskin isti vəziyyətə gətirir. H.Mahmudov qeyd etdi ki, Quba kimi səfalı və meşələrlə örtülü yerlərdə içməli su problemləri var belə ki, artq əvvəlki dövrlərdə olduğu kimi çaylardan birbaşa su içmək mümkün deyil. 


S.Həsənov çıxışını davam edərək bildirdi ki, iqlim dəyişmələri Azərbaycanda da özünü göstərir, son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. 2023-cü ilin avqust ayının 1-nə olan məlumata görə Quba rayonuda daxil olmaqla ölkədə 81 sel hadisəsi baş vermişdir hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmamışdır. Dünyada son 100 il-dəki kosmik müşahidələr göstərdi ki, tufan və çovğunların intensivliyi və tezliyi artıb, isti küləklər, qasırğalar və ya-ğıntılar güclənib. Eyni zamanda sel və daşqın hadisələrinin sayı da artıb və bir çox qarşısıalınmaz fəsadlara səbəb olub.


E.Xeyrullayev çıxışını davamı kimi qeyd etdi ki, Bu cür məlumatlarla zəngin bir kitabçanın nəşr olunması və burada iştirak edən nümayəndələrə paylanması onlarda iqlimdə baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq. E.Xeyrullayev rayonda QHT-lərin tədbirlərinin davam etməsi üçün Quba Regional QHT Resurs mərkəzində təmir işlərinin aparılması və tədbirlərin intensiv keçirilməsini təklif etdi.


H. Mahmudov qeyd etdi ki, aparılmış araşdırmalar və qiymətləndirmələr onun göstərir ki, dünyada iqlim də-yişmələri ilə bağlı bir çox problemlərin azaldılması və ya istixana qazların azaldılması hər bir ölkənin öhdəlikləri müəyyən olunmuşdur və bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Avropa Birliyi ölkələri 2030-cu ildə parnik effekti yaradan qazların azaldılmasını 50% həcmdə, 2050-ci ildə isə sıfır səviyyəsində azaldılmasını plan-laşdırır.

 

Bu cür öhdəliklərin həyata keçirilməsi iqtisadi cəhətdən sənayedə və nəqliyyatda ciddi dəyişiklərin hesabı-na baş verdiyindən bu qısa icmal məlumatı ilə biz vəziyyətin nə qədər ciddi olmasını İctimaiyyətə çatdırmağı düşünürük. Bu sahədə Azərbaycan emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı  bir çox öhdəliklər götürdüyündən islahatların aparılmasına başlanılmışdır. Bu islahatlar enerji sektorunda alternativ və bərpa olunan enerji istehsalına keçidi sürətləndirəcək və avtomobil nəqliyyatında ciddi tərkib dəyişmələrinə səbəb olacaq. Bu istiqamətdə Azərbaycanda və Bakı şəhərində nəqliyyatın idarəedilməsi infrastrükturunun idarəedilmə-sində əhəmiyyətli təkmilləşdirmələrin aparılması zəruridir. Dünyada baş verən qlobal istiləşmə və yaranan fəsadla-rın aradan qaldırılması üçün nəqliyyatın daha az tullantı verən nəqliyyat vasitələrinə keçilməsi prosesləri bir çox ölkələrdə başlanmışdır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına (UNFCCC) üzv olan Azərbaycanın dördüncü Milli Hesabatı (2021) nəqliyyatı əsas istixana qazı (İQ) emissiyası mənbəyi kimi müəyyənləşdirir. 


Tədbirdə mövzu ətrafında Azərbaycan Pedoqoji Universitetinin Quba filialında müəllimə işləyən və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəhayət Şirinova çıxış edərək qeyd etdi ki, burada deyilən məlumatlar və elmi araşdırmalar bizim üçün çox vacib elmi məlumatlardır və biz tədris zamanı bu məlumatlardan istifadə edəcəyik. N.Şirinova davam edərək bildirdi ki, Radiasiya Problemləri İnstititunun elmi əməkdaşlarının bu tədqiqatı və layihəsi çox zəruridir və rayon tədris müəssilərində olan məlumat bazasını genişləndirəcək. O, layihə təşkilatçılarına və ekspertlərinə təşəkkür etdi və layihənin davam etdirilməsinin vacibliyini vurğuladı. Tədbirdə Quba rayon İcra hakimiyyətinin nümayəndəsi Cəfər Asim, iqtisadçı mütəxəssis Emin Yarməmmədli  və digər nümayəndələr çıxış etdilər. 


Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın iqlim dəyişmələri barədə biliklərinin artırılması, Quba rayonunda yaşılıq sahələrinin mühafizəsinin artırılması və su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması  tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.