Azərbaycan cəmiyyətinin əksəriyyəti qızların həyatında ən uğurlu məqsədin ailədən ibarət olduğunu düşünür.

Belə fikir formalaşıb ki, iş həyatında uğurlu olanların ailəsi, yaxud da ailəsi olanların işi uğurlu, istənilən səviyyədə deyil. Az sayda hər ikisində uğurlu hesab edilən qadınların olduğu deyilir. Bəzən karyera qurmaq istəyinə başı qarışan qızlar ailə qurmağa vaxt tapmırlar. Azərbaycan qızlarının bəzisi isə ailə qurmamaqlarının səbəbini cəmiyyətdə, ailədə ikinci dərəcəli görülmələri ilə izah edirlər. Qadınlar arasında aparılan kiçik sorğuya görə, onları ailə qurmaqdan soyudan səbəblər sırasında aqressiya, qadınlara qarşı tətbiq edilən zorakılıq halları ilə bağlı oxuduqları xəbərlər, gördükləri hadisələr də var.

Qadınların bir qismi də kişilərin xəyanət etməsini əsas səbəb kimi qeyd ediblər.

Qızlarımızın ailə qurmasına mane olan səbəblər nədən qaynaqlanır? Bunlar həqiqətən qızları ailə qurmaqdan çəkindirirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan psixoloq Gülnar Məmmədova bunun təsirlərinin qaçılmaz olduğunu vurğulayıb:


"Əlbəttə, bunun öz təsiri var. Hazırda kişilərin qısqanclıqdan əlavə eqoları, öz dediklərini diqtə etməsi, öz “mən”lərini önə çəkməsi qızları çəkindirir. Bu, təkcə kişi təbiəti ilə əlaqəli deyil, adətən, onların keçmişindən qaynaqlanır, valideynlərinin münasibətlərində gördükləri, öyrəndikləridir. Qızlar hər gün mətbuatda qadınlara qarşı məişət zorakılığı zəminindəki cinayət hadisələrini oxuyurlar. Düşünürlər ki, bütün, yaxud əksər kişilər belədir, zorakılığa meyillidirlər. Qadınlara normal bildiyimiz hüquqları, rəfiqəsi ilə gəzib, danışa bilmək, uşağını çıxarıb gəzdirmək və digər sadə məsələlərdə haqq tanımırlar. Bunlara qadağa qoyurlar. Qadın da öz haqlarını tələb edəndə zorakılıqla qarşılanır, döyülür, öldürülür".

Qadınların hər şeyə qadir olduğunu deyən psixoloq qadının kişini idarə edə bilməsi ilə yanaşı, özünü də dəyişməli olduğunu vurğulayıb:

"Xəyanət məsələsinin başqa tərəfləri var. Bizim qadınlarımız, əslində, düzgün siyasət aparmırlar. Yəni hər şeyə anında reaksiya vermək, aqressiv olmaq kişiləri uzaqlaşdırır. Əgər qadın xəyanətlə rastlaşanda boşanmayacaqsa, bunu üzə çıxarıb, hamının yanında bəyan eləməməlidir. Biz başqasının xasiyyətini dəyişmək iqtidarında deyilik, amma özümüzü dəyişə bilərik. Qadın maraqlı olmağa can atmalıdır. "Saçını süpürgə eləmək", mətbəxdən çıxmamaq kişiyə lazım deyil. Fədakarlıq da qədərində olmalıdır. Qadın hər şeyi üzərinə götürməməlidir. Yəni “Sən narahat olma, mən edərəm”, “Sən uşağı aparma, mən apararam” demək kişini arxayın edir. Mütləq özünə də zaman tanımalısan".

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan“Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Günay Şahmar
Cebhe.info