Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında keçirilən görüşdə müzakirə olunan texnoloji əməkdaşlıq kənd təsərrüfatında keyfiyyətcə yeni mərhələyə keçidi sürətləndirə bilər.

QHT.az saytına açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, süni intellekt, uzaqdan müşahidə və GIS xəritələşmə kimi alətlərin tətbiqi zərərli orqanizmlərin erkən aşkarlanmasına imkan yaradır. Bu isə məhsul itkilərini azaldaraq ümumi məhsuldarlığın artmasına şərait yaradır.

Onun sözlərinə görə, erkən diaqnostika fermerlərə vaxtında müdaxilə imkanı verir, nəticədə pestisidlərin istifadəsi daha hədəfli olur və xərclər azalır.

"Bu cür yanaşma ixrac potensialına da müsbət təsir göstərir. Bitki sağlamlığına nəzarətin güclənməsi məhsulların beynəlxalq standartlara uyğunluğunu artırır, bu isə xarici bazarlara çıxışı asanlaşdırır və rəqabət qabiliyyətini yüksəldir. Eyni zamanda, rəqəmsal izlənəbilənlik sistemləri məhsulun mənşəyi və keyfiyyəti barədə şəffaf məlumat təqdim etməklə alıcı etimadını gücləndirir.
Rəqəmsal transformasiyanın iqtisadi səmərəliliyi isə bir neçə əsas amildən asılıdır. İnfrastrukturun səviyyəsi, xüsusilə də kənd yerlərində internet və texnologiyalara çıxış imkanları həlledici rol oynayır. Fermerlərin bu texnologiyalardan istifadə bacarıqları və təlim səviyyəsi də vacibdir. Dövlət dəstəyi, subsidiyalar və təşviq mexanizmləri tətbiqin sürətini və miqyasını müəyyən edir. Bundan əlavə, texnologiyaların ilkin tətbiq xərcləri ilə uzunmüddətli qənaət və gəlir artımı arasındakı balans düzgün hesablanmalıdır. Əgər bu amillər koordinasiyalı şəkildə idarə olunarsa, belə əməkdaşlıq həm kənd təsərrüfatında dayanıqlı inkişafı təmin edə, həm də ölkənin ümumi iqtisadiyyatına ciddi töhfə verə bilər"- deyə o qeyd edib.

Zəhra Ağayeva