"Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil edilən “Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsinin nəticələri bəlli oldu. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmiryol Muzeyində bu münasibətlə təntənəli tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının üzvləri və müsabiqə iştirakçıları, media nümayəndələri iştirak edirdilər. Qaliblər elan edildi və mükafatlandırma mərasimi baş tutdu. Tədbir, COP 29 beynəlxalq tədbirinin Bakıda keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında təşkil olunan araşdırma müsabiqəsinin bir hissəsi idi.
Müsabiqənin qalibləri arasında QHT.az saytının əməkdaşı, jurnalist Pərvanə Fərhadqızı müsabiqənin işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid- qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi mövzusuna müraciət edib və həvəsləndirici yerə layiq görülüb.
Bu yarışmada iştirak edən bütün namizədləri təbrik edirik və hər birinizi Qarabağın və işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üçün birgə çalışmağa çağırırıq. Biz birlikdə daha yaşıl, dayanıqlı və firavan bir gələcək qura bilərik.












