““Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yaranmamışdan öncə mən balamı axtaran zamanlar Qubaya  şəhid gəldikcə həmin ailələri ziyarət edirdim onlara dəstək olmağa çalışırdım. Düzdü o zaman məndə o dəstək tam alınmırdı. Çünki onların nə çəkdiyini onda anlamırdım, amma sonra Miqdadın şəhid xəbəri gələndə mən onlardan biri oldum, onların keçirdiyini artıq mən də keçirirdim. Ona görə artıq onlara dəstəyimdə bir başqa idi və sonra bu təşkilatı yaratmağa qərar verdim”.

Bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, artıq Vətən Naminə kimi və şəhid anası kimi bu ailələri gəzəndə ilk olaraq ailələrə mənəvi dəstək olmağa çalışıb: “Biz bir dərd ortağı idik. Azərbaycan üzrə 1500-dən çox şəhid ailələrini ziyarət etdik və onlara olan dəstəyim göz qabağındadı. Onların mənə verdikləri dəyər o deməkdi ki, mən bir şəhid anası, təşkilat sədri kimi vəzifəmi layiqincə öhdəsindən gəlirəm. Əgər bu gün gecə- gündüz bilmədən mənə zəng edib dərdləşirlərsə, demək mən düz yoldayam. İnsallah ki, Allah yolumuzdan azdırmaz. Neçə-neçə şəhid, qazi ailələrə həm mənəvi, həm hansısa problemlərin həllində yardımçı olmuşuq. Misal üçün şəhid, qazi ailələrinə qaz, su, yol, müalicəsinə dərmanlar, şəhid ailəsinə statusun verilməsi, qazilərimizin əliliyi, işlə təmin olmasına yardım etmişik”.

Qeyd edək ki, təşkilat tək şəhid ailələrinə yox, eləcə müharibə əlillərinə və imkansız ailələrə dəstək verir. Ona görə hər sahədə dəstək olmağa çalışlar.

 

Pərvanə Fərhadqızı