6 iyul 2024-cü il tarixi dünya arenasında Qarabağımızın incisi Şuşaya diqqəti çəkdi. Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə" Qarabağ Bəyannaməsi imzalandı. Bu əlamətdar hadisə, xüsusilə, şəhid ailələri üçün böyük sevinc mənbəyi oldu.
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az-a bildirilib ki, uzun illər türk dövlətlərinin bir araya gəlməsi, yaxınlaşması və birlikdə layihələrə qoşulması ideyası utopik görünürdü. Lakin bu zirvə görüşü, türk dünyasının birlik və əməkdaşlıq sahəsində nə qədər irəli getdiyini göstərdi. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Macarıstan dövlətlərinin iştirakı ilə böyük Türk birliyi vahid platformada birləşmə iradəsini ortaya qoydu.
Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi istiqamətində atdığı bu addım misilsizdir. Qarabağ Bəyannaməsi, Türk Dövlətləri Birliyinin daha da güclənməsinə və yeni uğurlu əlaqələrin genişləndirilməsinə təkan verəcək. Qarabağın fatehi, Prezident İlham Əliyev və digər Türk Dövlətlərinin Prezidentlərinin Şuşa qalasında çəkdirdikləri foto bir mesaj verir: "Biz Türk Dövlətləri Qardaşıq və Qardaş Olacağıq!"
Təşkilat daim Prezidentimiz İlham Əliyevə və Türk Dövlətləri Birliyinə dəstəyini bildirir: "Yaşasın Türk Dövlətləri Birliyi!"










