Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “ İctimai Birliyi 01 iyun 2024 cü il tarixindən “Səssiz Dünyaya Körpü” adlı layihənin icrasına start verir.

QHT.az xəbər verir ki, layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, bu layihə eşitmə məhdudiyyəti olan və Jest dilində danışan uşaq və gənclərin valideyinləri üçün nəzərdə tutulub: "3 ay davam edəcək layihə, eşitmə məhdudiyyəti olan uşaqların ailələri üçün olduqca əhəmiyyətlidir. Danışan ailədə doğulan və eşitmə məhdudiyyəti olan elə uşaqlar və gənclər var ki, Jest dilində danışır. Lakin ailənin Jest dilindən anlayışı olmadığı üçün uşaqları ilə ünsiyyət qura bilmir. Bu səbəbdən gənclər ailələrindən uzaqlaşır, ətrafın fikirləri onları düzgün olmayan istiqamətə aparıb çıxara bilir. Hər bir valideyn uşağının dilini bilməli, onu dinləməyi bacarmalı və düzgün istiqamətləndirməlidir. Jest dili də başqa dillər kimi bir ünsiyyət dilidir.

Sadəcə bu dilin fərqi səslərlə yox əl hərəkətləri ilə ünsiyyətdir. Bu dildə danışmağı kompleks edən insanlar bu dilin dərinliklərini və əhəmiyyətini öyrənməlidir. Ən əsası bilməlidir ki, bu dil “Səssiz dünyaya körpü” rolunu oynayır. Çox sevindirici haldır ki, artıq ölkəmizdə gənclər arasında Jest dilinə maraq artıb. Məlumat üçün onu da qeyd edim ki, ölkəmizdə 12360 nəfər eşitmə məhdudiyyətli şəxs var".