Naxçıvan Ali Məclisinin üzvü Üzeyir Məmmədov, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev və sədr müavini Xəqani Əliyev Qarsda işgüzar səfərdə olublar.
QHT.az xəbər verir ki, səfər çərçivəsində Qars Ticarət və Sənaye Odasının rəhbəri Kadir Bozanla keçirilən görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Kadir Bozan Bakıya səfərindən məmnunluğunu ifadə edərək, Azərbaycanın paytaxtını çox bəyəndiyini bildirib. O, gələcəkdə Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb və növbəti forumun Qarsda keçirilməsi planlarını açıqlayıb. Bozan, həmçinin, Qarabağda müəssisələrin yaradılmasının əhəmiyyətinə toxunaraq, Qars Ticarət və Sənaye Odası olaraq bu prosesdə aktiv iştirak etmək istəyində olduqlarını qeyd edib.
Ramil Əliyev də görüşdə çıxış edərək, Azərbaycan və Türkiyə iş adamlarının birgə fəaliyyəti ilə bağlı gələcək perspektivlərdən danışıb. Millət vəkili Üzeyir Məmmədov Kadir Bozanın təşəbbüskarlığını yüksək qiymətləndirərək ona təşəkkür edib. Bəhruz Məmmədzadə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb: “Azərbaycan bizim üçün nə qədər önəmlidirsə, Türkiyə də bir o qədər önəmlidir.”
İş adamı İsmayıl Allahverdiyev isə gələcəkdə iki ölkə iş adamları arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib. Xəqani Əliyev də bu birgə fəaliyyətin uğurlu nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.
Pərvanə Fərhadqızı






