"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında vərəmin müalicəsinin dövlət hesabına pulsuz həyata keçirildiyini bildirib. Sadəcə olaraq, vərəm dərmanlarının zəhərli təsirləri səbəbindən müalicə zamanı yarana biləcək yan təsirlərə qarşı dərmanlara ehtiyac yaranır. Bu zaman, əgər həmin preparatlarla tibb müəssisəsi təmin edilibsə, həkim təyinatına əsasən bu preparatlarla vərəmin müalicəsi zamanı ortaya çıxa bilən yan təsirlər dəf edilir. Lakin belə preparatlardan hər hansı birinin müalicə müəssisəsində olmaması halında, müalicə həkiminin resepti ilə həmin dərmanlar pasiyent tərəfindən alınır.

Bunu da qeyd etmək istəyirəm ki, bəzən pasiyentlər müalicə prosesini bir qədər qarışdırırlar. Yəni yalnız vərəm müalicəsinin ödənişsiz olduğunu nəzərə alaraq, ehtiyac yarandıqda digər yan təsir preparatlarının da bu qaydalara aid olduğunu düşünürlər. Bundan başqa, bəzi pasiyentlər müalicə həkimlərindən özlərinin uyğun bildikləri dərman preparatlarını tələb edərək bunu müalicə prosesinin tərkib hissəsi kimi qəbul edirlər. Bu isə doğru deyil. Nəzərə almaq lazımdır ki, hər bir dərman preparatı potensial zəhərdir və onu dərman edən yalnız dozasıdır. Bu dozanı da yalnız həkim təyin edə bilər. Lazım olmayan preparatların orqanizmə daxil edilməsi isə əlavə fəsadlara səbəb ola bilər. Bu sahədə ciddi maarifləndirmə işlərini vacib sayıram.

Digər bir problem isə bir neçə il öncə Qlobal Fondun təqdim etdiyi sosial paketlərin (ərzaq və yol pulu) dəstəyinin dayandırılmasıdır. Ramazanlı bu çətinliklərin xüsusilə rayonlarda yaşayan və maddi imkanı məhdud olan ailələr üçün daha ağır olduğunu vurğulayıb:

"Təbii ki, Qlobal Fondun fəaliyyətlərinin müvəqqəti olduğunu hamımız bilirik. Donor özü də hər dəfə bu barədə israrla qeyd edirdi. Yəni, müəyyən bir dövr başa çatdıqdan sonra Qlobal Fond bu məsuliyyəti dövlətin üzərinə qoyur. Bu nüansları isə təbii ki, bir çox pasiyentlərə başa salmaq lazım olur. Çünki burada problem, həqiqətən, imkansız ailələrin çoxluğu ilə bağlıdır. Gəlin belə deyək: o paketlər ayda bir dəfə verilirdi və orada ən vacib ərzaqlar mövcud idi. Həmçinin o dövrdə ÜST-nin vərəmin müalicəsində tətbiq etdiyi DOTS strategiyasına əsasən pasiyentlər hər gün müalicə müəssisəsinə gedərək həkim nəzarəti altında vərəm dərmanlarını qəbul edirdi. Bunun üçün hər pasiyentə 1-2 manat məbləğində yolpulu, vərəmin müalicəsini aparan tibb personalına isə aylıq bonuslar verilirdi. Bu qaydalar artıq neçə ildir ki, Qlobal Fondun qrant layihələrinin müddətinin başa çatması ilə dayandırılıb. Təbii ki, çox yaxşı olardı ki, bu istiqamətdə proses başa çatmadan ölkə alternativ addımlar hazırlasın. Məsələn, vərəm sahəsində fəaliyyət göstərən QHT-lərə sosial xidmətlər üçün xüsusi paketlər hazırlamaq təklif edilə bilərdi. Hazır paketləri dövlət QHT-dən satın ala bilərdi. Bu zaman həm dövlət və qeyri-dövlət sektorunun daha sıx kooperasiyası təmin olunar, həm də bu problemin həll yollarından biri ortaya çıxardı. Təbii ki, bu istiqamətdə uğurlu olacaq islahatların həyata keçirilməsi düşünülür və tezliklə biz də bunun şahidi olarıq."

 

Pərvanə Fərhadqızı