Evlilik bir çox ölkələrdə qanuni olaraq tanınır və özü ilə müəyyən qanuni hüquq və vəzifələr də gətirir. Nikah müqavilələri evlilik prosesi zamanı vərəsəlik, əmlak rejimi, qəyyumluq kimi məsələləri tənzimləyə və nikah birliyi daxilində cütlərin hüquq və vəzifələrini müəyyən edə bilər. Boşanma prosesi hər ölkədə fərqli hüquqi prosedurlara tabedir.
QHT.az bu mövzuda cəmiyyəti maarifləndirmək üçün nə etmək lazım olduğu barədə Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyevdən açıqlama alıb. QHT sədri bildirib ki, müasir dövrdə bu önəmli məsələdir: “Mənəvi dəyərlərin aşınmaya məruz qaldığı bir dövrdə ailə hüququ çərçivəsində nigah, boşanma bununla bağlı TV-də, mətbuatda ekspertlər düzgün mənəvi dəyərləri təbliğ edə bilərlər. Gənclər arasında sosial çarxlar, hansısa tədbirlər görülməlidir ki, onlar bunun məsuliyyətini dərk etsinlər. Hamı görsün ki mən ailə qurdum, bu düşüncədə olmamalıdırlar. Bu neqativ statistikanın formalaşmasına gətirib çıxarır. Ailə dəyərlərinin təbliğ edilməsi bu məsələdə mühüm rol oynayır. Azərbaycanda əsrlər boyu formalaşmış olan sterotiplərin, gözəl mənəvi dəyərlərin müasir dövrdə təbliğ edilməsi və düzgün şəkildə yeni nəslə çatdırılması çox önəmli məsələlərdən biridir. Maarifləndirmə çox mühüm tədbirlərdən biridir ki, bunların həyata keçirilməsinə ehtiyac var”.
Qeyd edək ki, boşanma prosesində ər-arvadın hüquqları və uşaqların maraqları nəzərə alınır. Boşanma qərarı verilərkən əmlak bölgüsü, aliment və qəyyumluq kimi məsələlərin ədalətli və balanslı şəkildə həllinə çalışılır.
Pərvanə Fərhadqızı












