Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov bildirib ki, İctimai Şura qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. O qeyd edib ki, bu əməkdaşlıq köçkünlərin problemlərinin həllində mühüm rol oynayır və maarifləndirmə işlərini daha da gücləndirir.

"Bizim İctimai Şura bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərlə daim əməkdaşlıq edir. Şuranın əksər üzvləri QHT nümayəndələridir və onlar bu sahədə peşəkar olaraq keçmiş məcburi köçkünlərin problemlərini dərindən bilir. Onlar bu insanlara maarifləndirici dəstək göstərirlər," – deyə Anar Xəlilov vurğulayıb.

Beynəlxalq əməkdaşlığa da toxunan Xəlilov qeyd edib ki, Şura üzvlərinin geniş beynəlxalq əlaqələri var və köçkünlərin problemləri daim beynəlxalq qurumların diqqətinə çatdırılır. O, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində dünyada nümunəvi bir model yaratdığını da vurğulayıb: "Ümumiyyətlə Azərbaycan dünyada bu gün bir milyona yaxın qaçqın və məcburi köçkünlərin 30 il ərzində problemlərinin həlli məsələlərinə görə bir model yaratmışdır ki, bu da bir nümunədir".

Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə və dəstək tədbirləri köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və onların cəmiyyətə inteqrasiyasına böyük töhfə verir.

 

Pərvanə Fərhadqızı

QHT.az