Vətəndaş cəmiyyəti institutları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bir çox töhfələr verə bilər. Vətəndaş cəmiyyəti institutları xalqlar arasında anlaşmanın güclənməsində mühüm rol oynayır. İctimai təşkilatlar insanların bir-birini daha yaxından tanımasına, qarşılıqlı hörmət və etimadın artmasına kömək edir.
Bunu İstedadları Tanıyaq və Tanıdaq ictimai birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, xüsusilə gənclərin, yaradıcı insanların və mədəniyyət nümayəndələrinin birgə layihələrdə iştirakı sülh düşüncəsinin formalaşmasına müsbət təsir göstərir. Mədəniyyət, incəsənət və təhsil sahəsində qurulan əlaqələr xalqlar arasında körpü rolunu oynaya bilər:
"Vətəndaş cəmiyyəti həm də cəmiyyətdə dialoq və tolerantlıq mühitinin güclənməsinə dəstək verir. Bu prosesdə əsas məqsəd qarşıdurmanı deyil, anlaşmanı və sabitliyi təşviq etməkdir. Məsələn, vaxtilə Xankəndi–Laçın yolunda keçirilən ekoloji aksiyalar və vətəndaş təşəbbüsləri göstərdi ki, cəmiyyət öz mövqeyini sivil şəkildə ifadə edə bilir. Bu aksiyalar dünya ictimaiyyətinin diqqətini bölgədəki problemlərə yönəltdi və vətəndaş cəmiyyətinin aktiv rolunu ortaya qoydu. Belə təşəbbüslər həm də göstərir ki, sülh və sabitlik yalnız siyasi səviyyədə deyil, eyni zamanda cəmiyyətlərin bir-biri ilə dialoqu və qarşılıqlı anlaşması ilə mümkündür".
QHT sədri hesab edir ki, ictimai təşəbbüslər və humanitar layihələr regionda uzunmüddətli sülhə və əməkdaşlığa xidmət edən mühüm addımlar ola bilər.
Pərvanə Fərhadqızı






