Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.(Sədi Şirazi)
Tibbi Elmi konfransları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və digər tibb mərkəzlərinin birgə fəaliyyəti ilə keçirilməsi vacibdir! Akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə " kitabı biz oftalmoloqların stolüstü kitabıdır.

 

Bu kitab haqqında informasiyası olmayan həmkarlara məsləhət görərdim bu kitabı oxusun.
Zərifə xanım "Yüksək əqidə" adlı kitabında qeyd etmişdir ki,insanın təhsilindən önəmli onun tərbiyəsidir.
Müəllimlərimizə dəyər vermək bizlərin mənəvi borcudur! 

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrası və Ə.Əliyev adına ADHTİ- un Göz xəstəlikləri kafedralarında Azərbaycan oftalmologiyasının öz sözünü demiş bir çox alimləri, mütəxəssisləri var.
 

Onlar bir çox istiqamətlərdə oftalmologiya elmini inkişaf etdirir, korluğun və zəif görmənin qarşısını almaq üçün yorulmadan çalışır. Gənc kadrlarımız yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq üçün xarici ölkələrdə öz ixtisaslarını inkişaf etdirir.
 

Ölkəmizdə isə hər il tanınmış professorların nəzarəti altında beynəlxalq standartlara cavab verən yerli və beynəlxalq elmi-praktiki seminarlar, konfranslar, simpoziumlar keçirilir. Bu konfranslarda oftalmoloqlarımızın iştirakını təmin etməklə, onların da bu sahədəki yeniliklərdə iştirak etməsinə dəstək olunur.  
Səhiyyə, eləcə də oftalmologiya sahəsi bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün də birlik və həmrəy olmalıyıq.
Lakin, çox təəssüf ki, bəzən bu birliyə əməl olunmur. Elm şou deyil.

 

Öz təşəbbüsü ilə konfrans və ya simpozium keçirmək istəyən həmkarlarımız qaydaları qorumalıdr. 
Hər şeydən öncə “böyüklərimizə hörmət” kimi - Azərbaycan xalqına məxsus gözəl xüsusiyyətimiz var. Bununla bilavasitə biz ənənələrimizə və elmimizə hörmət etməliyik.
Həkim etikası tək xəstə-həkim münasibətində yox, həmkarlar arasında da olmalıdır.

Yazgül Abdiyeva

"Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru