Azərbaycana qarşı ikili standartlar, irqçi xarakterli yanaşmalar hər zaman bəzi beynəlxalq qurumların işinin ana xətti olub. Ümumilikdə isə Avropanın bununla bağlı nəsə edəcəyi gözlənilən idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.
QHT sədri qeyd edib ki, erməni yalanlarına əsasən hazırlanmış və Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə birinci və sonuncu deyil. Təəssüf ki, biz ikili standartlardan çıxış edən bir çox qətnamələrin şahidi olmuşuq. Maraqlısı isə odur ki, 30 ilə yaxın işğal altında qalmış ərazilərində Azərbaycanın mədəni-maddi irsinin dağıdılaraq məhv edilməsinə həmin Avropa və onun parlamenti nəinki göz yumdu, əksinə, fürsət düşdükcə Ermənistanı müdafiə etməkdən belə çəkinmədi. Ağdam şəhərinin dağıdılaraq talan edilməsi, oradakı Cümə məscidinin tövləyə çevrilməsi yalnız Azərbaycana deyil, bütün İslam dünyasına qarşı təhqir kimi dəyərləndirilməli idi. Ancaq daim insan hüquqlarının müdafiəsi arxasında gizlənmiş bu qurumlar işğal boyu bu hadisələri səssiz izləməklə kifayətləndi.
Otuz ilə yaxın müddətdə dağıdılaraq məhv edilmiş 403 tarixi-dini abidənin 67-nin məscid, 144-nün məbəd, 192-nin isə ziyarətgah olduğunu vurğulayan V.Hüseynli bildirib: “Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Biz torpaqlarımız işğal altında olan zaman Avropa Parlamentinin deputatlarının həmin ərazilərə səfərlərinin dəfələrlə şahidi olmuşuq. Baxmayaraq ki, həmin ərazilər dünya dövlətləri, Avropa İttifaqı və onun təsisatları tərəfindən Azərbaycanın ərazisi kimi tanınırdı. Məhz sadaladığım faktlar Avropa Parlamentinin bu qətnaməsinin əsassız və ikili standartlara əsaslandığını bir daha təsdiqləyir”.












