Niderland Krallığında Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində tədbir keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərəfdaşlığı ilə “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitdə öz yurdlarına qayıtması hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” mövzusunda tədbir keçirilib.
İki hissədən ibarət olan tədbirdə ilk olaraq "Qərbi Azərbaycana Qayıdış" mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Niderlandın Dövlət himnləri səsləndirilib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov konfransı giriş sözü ilə açaraq, qonaqları salamlayıb və BAK tərəfindən Qərbi Azərbaycan mövzusunda görülən işlərlə bağlı məlumat verib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarından danışaraq, özünün də şəxsən sonuncu deportasiyanın qurbanı olduğunu və Azərbaycanlıların sülh və təhlükəsiz şəraitdə öz yurdlarına qayıtmaq istəyi və hüququ ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Dövlət mükafatı laureatı, Tarix üzrə fəlsəfə doktoru, layihənin eksperti Nazim Mustafa Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsinin son 200 il ərzində dəyişdirilməsi prosesindən danışıb, tarixi xronologiyanı təqdim edib. O, həmçinin erməni tarixçilərin tarixi saxtalaşdırmasından, Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmədən də söz açıb.
İrəvan xanların nəticəsi Əmir Əli Sərdari İrəvani bu gün Ermənistan adlanan dövlətin demoqrafik tərkibinin tarixən işğalçı və ədalətsiz siyasətlə formalaşdığını bildirib. Qeyd edib ki, tarixi sənədlərdə ərazinin yerli hökmdarlarının əsasən Azərbaycan əsilli olduğu göstərilir. XIX əsrin rəsmi rus statistikasına görə, bu bölgənin yerli əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Eyni zamanda çətinliklərə baxmayaraq, Qərbi azərbaycanlıların öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamasını təqdirəlayiq hesab edib.
Konfransda BAK-ın sədr müavini Sima Cəfərova, Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, BAK-ın mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva, Azərbaycan Koordinasiya Şurasının üzvü Cəfər Gündoğdu çıxış edərək, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən, didərgin düşdükləri doğma torpaqlarından danışıblar.
Tədbirin 2-ci hissəsində fransız dilində nəşr olunmuş “İrəvan - torpağımız, tariximiz, taleyimiz” adlı kitabın ilk dəfə olaraq təqdimatı keçirildi, eyni zamanda qədim İrəvanın xarici, xüsusən də holland əsilli rəssam, səyyah, fotoqraflar tərəfindən çəkilən foto və rəsmlərindən, tarixi sənədlərdən ibarət sərgi nümayiş olundu. Həmçinin, sərgidə iştirakçılara İrəvan xanlığı, onun idarə edən Azərbaycan əsilli xanlar haqqında məlumat verildi, qədim şəhərin xəritəsini əks etdirən broşür paylanıldı.
Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin nümayəndəsi Ceyhun Xəlilov, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədr müavini Nədimə Rəhimli, tədqiqatçı-yazıçı, Qarabağ kitabının müəllifi holland əsilli Henri van Rens, yerli holland ictimaiyyəti, eyni zamanda Türk, Latviya, Litva, Ukrayna icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir İrəvan kətəsi, Göyçə badamburası, yeznəqalın, saray paxlavası, kömbə, qovud, sucuq kimi Qərbi Azərbaycana məxsus şirniyyatlarla çay süfrəsi ətrafında davam etdirilib










