“Qadın QHT rəhbərlərinin sayı yetərincə çox olmalıdır” - İctimai Birlik sədri
2024‐cü ilədək dövlət qeydiyyatına alınmış QHT‐lərin sayı 3750 olub. Onlardan 471 təşkilatın sədri qadınlardır. Qadın və gender məsələləri sahəsində 161 təşkilat fəaliyyət göstərir. Həmin təşkilatlardan 155‐nin sədri qadınlardır.
QHT-lərdə qadın sədrlərin sayı qənaətbəxşdirmi?
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, mənim fikrimcə QHT-lərdə qadın təşkilatlarının sayı azdır:
“Nəyə görə? Çünki qeydiyyata alınmış 3750 QHT-nin yalnız 471 təşkilatın sədri qadınlardır. Bu isə heç 50 faiz də təşkil etmir. Xüsusilə, gender və qadın sahəsində 161 qadın təşkilatı çalışır ki, bu da azdır. Çünki son zamanlar qadınlarla bağlı hüquq pozuntularının geniş şəkildə şahidi oluruq”.
Vüsalə Hüseynlinin sözlərinə görə, görünən odur ki, hətta bu gün elə rayonlarımız var ki, nəinki qadın məsələləri ilə məşğul olan QHT-lər, ümumiyyətlə QHT adlı təsisat yoxdur:
“Yaxşı olardı ki, rayonlarımızda və xüsusilə, ucqar kəndlərdə vətəndaş cəmiyyətinin belə bir təsisatları fəaliyyət göstərsin. Yaxud, Bakıda işləyən təşkilatların filialları həmin regionlarda fəaliyyət göstərsin ki, bizim əhalinin çox hissəsinə, xüsusilə qadınlara və uşaqlara əlçatanlığımız reallaşsın. Amma ümumilikdə, mən vəziyyəti o qədər də yaxşı hesab etmirəm. Çünki düşünürəm ki, görüləcək iş çoxdur və vətəndaş cəmiyyətinin aktiv üzvlərinin, xüsusulə qadın rəhbərlərinin sayı yetərincə çox olmalıdır”.
Bəxtiyar CƏFƏRLİ
Herbiand.az












