Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun – 5 iyul 2020-ci il tarixlərində Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Yevlax, Cəlilabad və Masallıda ciddi karantin rejimi, xüsusi məhdudiyyətlər tətbiq olunacaq. Karantin rejimi bəzi fəaliyyəti həyatı önəm kəsb edən qurumlar istisna olmaqla, bütün sahələri əhatə edir.

 

Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində mart ayında tətbiq olunan karantin rejimi səbəbilə Qeyri-Hökumət Təşkilatlarının da qalib olan layihələrini icrasını əvvəlcədən nəzərdə tutulan vaxtda keçirmək mümkün olmayıb. Sonradan karantinin müəyyən qədər yumşaldılması ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər müqavilə imzalamağa başladıqları və layihələrin həyata keçiriləcəyi ilə bağlı məlumat yaydı. Şuradan verilən məlumata görə, artıq 216 QHT ilə SƏLİS müqavilə imzalayıb. Layihələrin çoxu COVID-19 pandemiyası ilə bağlı məsələləri əhatə edir. Dünyanın gündəmini və həyat ritimini qəfil dəyişən COVID-19 pandemiyasının ölkəmizin həyatında da nüfuz etmədiyi sahə yoxdur. Pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi ilə əlaqədar insanların emosional durumu, psixoloji vəziyyətindən tutmuş dövlət qurumlarının iş rejiminə, qonşu ölkələrlə sərhəd-buraxılış postlarının fəaliyyətinə, ictimai nəqliyyatın çalışma qrafikinə qədər bütün sferalarda böyük dəyişikliklər müşahidə olunur.

 

Maraqlıdır, yenidən 2 həftəlik sərt karantin rejiminin tətbiq olunması QHT-lərin layihərinin icrasına problem yaradacaqmı?

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Cebhe.info-ya açıqlamasında deyib ki, bu müddət ərzində ciddi problemlərin olacağı gözlənilmir: “Onsuz da Şura Katibliyi 31 maydan işə çıxır. QHT-lərin layihələri mövcud vəziyyətə uyğunlaşdırmaq üçün dəyişdirilərkən hər hansı layihənin icrasında canlı təmaslar nəzərdə tutulmur. Çünki bu, müvafiq təlimatlarla da, qanunla da qadağandır. Ona görə də 21 iyun-5 iyun günlərində təyin olunacaq sərt karantin günləri də layihələrin icrasında ciddi bir dəyişikliyə səbəb olmayacaq. Yalnız canlı təmasla icra olunacaq layihələrlə bağlı problemlər yarana bilər ki, o da layihələrdə yoxdur. Bəli, bəzi layihələrdə bir sıra məsələlər var ki, onlarda çətinlik olacaq. Məsələn, koronavirusla mübarizə çərivəsində nəzərdə tutulur ki, sosial cəhətdən problemi olan ailələrə ərzaq yardımı edilsin. Evdən çıxıb ərzağı həmin ailələrə çatdırmaq məsələsində çətinlik ola bilər. Amma qalan hallarda canlı təmas gözənilmədiyi üçün problem olmayacaq. Ümumi olaraq, əgər hərəkət məhdudlaşdırılırsa, QHT –lərin də harasa səfəri çətinləşəcək. Çünki qaydalar hər kəsə şamil olunur. Bu ildən ilk dəfə olaraq milli donorlar ilə SƏLİS müqavilə tətbiq etdik. Bu çərçivədə yalnız bir canlı təmas forması qalmışdı ki, QHT təmsilçiləri Şuraya gəlib 1 dəqiqə ərzində müqavilə imzalayırdılar. Artıq bu da yoxdur, elektron qaydada SƏLİS müqavilə imzalanır. Bu çərçivədə sonrakı fəaliyyətlərini də QHT-lər onlayn formada aparacaq. Ciddi bir problemin meydana çıxması gözlənilmir”.

Vilayət Muxtar

Cebhe.info