Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi uğurla davam edir.
Artıq, layihənin fəaliyyət planına əsasən regionda fəaliyyət göstərən turizm subyektlərinin (mehmanxana və mehmanxana tipli müəssisələrin) rəhbərləri, qonaq evlərinin sahibləri, sənətkarlar, tur agent, tur operator və bələdçilərlə aparılan sorğular uğurla başa çatdı. Həmçinin, Novruz Bayramı ərəfəsində (bayram tətilləri günlərində) Şimal-Qərb bölgəsinin turizm subyektlərində müşahidələr keçirildi, bu sahədə fəaliyyət göstərən sahibkarlarla, yerli Dövlət qurumlarının nümayəndələri ilə (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İnformasiya Mərkəzində, Şəki Bələdiyyəsində, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Şəki KOB dustu ilə) təkbətək və qrup görüşləri təşkil olundu.
Görüşlərdə subyekt rəhbərləri, tur agentlər və bələdçilər, COVİD-19 pandemiyasından dəyən zərərlərdən, post pandemiya dövründə həyata keçirəcək reabilitasiya xarakterli tədbirlərdən, bu günə olan ehtiyaclardan və növbəti turizm mövsümündə nəzərdə tutulan strategiyalardan danışdılar.
Keçirilən görüşlərin nəticələri göstərdi ki, COVİD-19 pandemiyasının təsirlərinə məruz q alan regional turizm sektorunun reabilitasiyası üçün, eləcə də sektorun strateji inkişafı üçün yeni və innovativ tədbirlərə ehtiyac var. Bundan başqa, layihənin fəaliyyət planına uyğun olaraq, 2022-ci il aprel ayında üç konfransın keçirilməsi nəzərdə tutulur.
Belə ki, 2022-ci ilin aprel ayının 7-də Şəki şəhərində həyata keçiriləcək ilk konfransda turizm sektorundakı mövcud vəziyyət və regionda bu sahədə fəaliyyət göstərən sahibkarların Post pandemiya dövründə həyata keçiriləcək reabilitasiya tədbirləri ilə bağlı məlumatlılıq səviyyəsi müzakirə olunacaq. Həyata keçiriləcək hər bir konfrans haqqında materiallar Kütləvi İnformasiya Vasitələrində yayımlanacaq.












