Şuşada qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə yaradıcılıq festivalının keçirilməsi nəzərdə tutulub.

 

QHT.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

 

Musavat.com-un  "Məlum olduğu kimi Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı olacaq. Bu da o deməkdir ki, gələn il Şuşa genişmiqyaslı tədbirlər, festivallara ev sahibliyi edəcək, müxtəlif ölkələrdən xeyli qonaqlar qəbul edəcək. Agentliyin bu yöndə hansı planları var? " -sualını Agentliyinin İcraçı direktoru Aygün Əliyeva belə cavablandırıb:

 

" Çox sevinirik ki, Vətənimizin ayrılmaz parçası olan Şuşa artıq azadlığının ikinci ildönümündə modernləşmə və inkişaf mərhələsini yaşayır və Agentlik olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı ilə biz də bu proseslərə öz töhfəmizi verəcəyik.

 

Artıq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə fəaliyyət planı hazırlanıb. Şuşada qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə yaradıcılıq festivalının keçirilməsi, yerli və xarici QHT-lərin iştirakı ilə Beynəlxalq Əməkdaşlıq Konfransının təşkil olunması, Azərbaycan və Türkiyə QHT-lərinin birgə forumunun təşkili və s. Agentliyin bu il üçün nəzərdə tutulmuş layihələridir. Şübhəsiz ki, belə tədbirlər növbəti illərdə də davam edəcək və müxtəlif tərəfdaşlarla birgə Şuşamızın təbliği üçün əhəmiyyətli işlər görüləcək"