Qərbi Qazaxıstan vilayətinin ixtisaslaşmış inzibati məhkəməsində tələbənin təhsil qrantı alma hüququ ilə bağlı işə baxılıb. İşdə tələbənin hüquqlarının pozulması və yerli icra orqanının qanunvericiliyə uyğun hərəkət etməməsi məsələsi araşdırılıb.

Məlum olub ki, tələbə əvvəllər ali məktəblərin qəbul komissiyalarının qanunsuz imtinası səbəbindən qrant müsabiqəsində iştirak edə bilməyib. Hazırda o, tibb universitetində ödənişli əsaslarla təhsil alır.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, 2025–2026-cı tədris ili üçün yerli büdcə hesabına “tibb” ixtisası üzrə ayrılan qrantlardan biri boş qalıb. Lakin həmin qrantın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdə müsabiqə keçirilməyib və bu da iddiaçı daxil olmaqla namizədlərin hüquqlarının pozulmasına səbəb olub.

 

Məhkəmə qərarına əsasən, Qərbi Qazaxıstan vilayətinin akimatı 2026-cı ilin yay tətili dövründə boş qalan qrant üzrə müsabiqə keçirməlidir. Eyni zamanda, iddiaçının bu müsabiqədə ümumi əsaslarla iştirak hüququ tanınıb.

 

Bununla yanaşı, məhkəmə qrantın birbaşa verilməsi tələbinin təmin olunmasından imtina edib. Bildirilib ki, qüvvədə olan qanunvericiliyə görə, təhsil qrantları yalnız müsabiqə yolu ilə verilir. Həmçinin tələbənin akademik göstəricilərinə əsaslanaraq xüsusi qaydada iştirak etməsi ilə bağlı tələb də qəbul edilməyib. Qeyd olunub ki, məhkəmənin inzibati prosedurlara müdaxiləsi yolverilməzdir.

 

Qərarın məqsədinin ali təhsilə bərabər çıxışın təmin edilməsi və qrantların ayrılması qaydalarına riayət olunması olduğu vurğulanıb. Qərar artıq qanuni qüvvəyə minib.

Zəhra Ağayeva