Qazaxıstanın Qızılorda vilayətində fəaliyyət göstərən QHT Alyansı “Quraq” fəaliyyət proqramı çərçivəsində Kızıljarma kəndində yerli icma üzvləri ilə görüş keçirib. Görüşdə kəndin inkişafı, yerli özünüidarəetmə və vətəndaş iştirakının artırılması məsələləri müzakirə olunub.

 

Görüş zamanı Vətəndaş Alyansının sədri Anar Jarıllqasınqızı 4-cü səviyyəli büdcənin kənd ərazilərinin inkişafında rolunu izah edib, həmçinin yerli icmanın fəaliyyətinin hüquqi əsaslarına toxunub. Bildirilib ki, qərarların qəbulunda vətəndaşların iştirakı kəndin real ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və vəsaitlərin şəffaf istifadəsinə imkan yaradır.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, Dövlət Gəlirləri İdarəsinin nümayəndəsi Darxan Mustafayev 4-cü səviyyəli büdcə mexanizmlərinin yerli özünüidarənin maliyyə müstəqilliyini artırdığını qeyd edib. O vurğulayıb ki, kənd ərazisində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərindən daxil olan bəzi vergi növləri yerli büdcədə qalaraq həmin ərazinin inkişafına yönəldilir.

 

Görüşdə sakinləri maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirilib. İctimai Şura ilə yerli icma arasındakı fərqlər izah olunub, bəzi vergi növlərinin (əmlak, torpaq, nəqliyyat və gəlir vergisinin bir hissəsi) 4-cü səviyyəli büdcəyə yönəldiyi bildirilib. Həmçinin yerli icma toplantılarının keçirilmə qaydaları, açıq və ictimai xarakter daşıması, sakinlərin fəal iştirakı və təkliflərin nəzərə alınması prosesi açıqlanıb.

 

Sonda iştirakçılar kəndin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər. Qeyd olunub ki, bu cür görüşlər sakinlərin məsuliyyət hissini artırır və kəndlərin birgə inkişafına təkan verir.

Zəhra Ağayeva