1992-ci il 12 aprel tarixində şəhid olan Birinci Qarabağ müharibəsi iştirakçısı Muğan Əliyevin nəşi 2024-cü il iyunun 20-də Xocavənd rayonu Edilli kəndində aşkar edilərək Füzuli şəhərinin şəhər qəbirstanlığında dəfn edilib.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu gün qəhrəman şəhidimizin ailə üzvləri ilə görüşdük və onun həyat yoluna yenidən nəzər saldıq. Yas mərasimində iştirak edərək bütün şəhidlərimizə Allahdan rəhmət dilədik. Əliyev Muğan Gəray oğlu 1958-ci il 19 noyabrda Füzuli rayonunun Çimən kəndində anadan olub. 8 illik məktəbi Çimən kəndində bitirdikdən sonra Şuşa şəhərində təhsilini davam etdirib və Ağdam Kənd Təsərrüfatı texnikumunu bitirərək Füzuli rayonu 116 nömrəli Texniki peşə məktəbində müəllim işləyib. Birinci Qarabağ Müharibəsi başladıqdan sonra ordu sıralarına yazılaraq vətəni uğrunda döyüşlərə qatılıb. Döyüşlərin birində yaralanan döyüşçü yoldaşını çiyinlərində 5 kilometr daşıyaraq öz mövqelərinə çatdırıb. Haxulu, Edilli, Ağbulaq, Çimən, Cuvarli uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 1992-ci il 12 aprel tarixində şəhid olan Muğan Əliyevin nəşi neytral zonada qaldığına görə götürülə bilməyib.
Qeyd edək ki, 1984-cü ildə ailə quran Muğan Əliyevin 1988-ci ildə Məhəbbət adlı oğlu dünyaya gəlib. O, qəhrəman atasının adını hörmətlə yaşadır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.










