"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Vətən müharibəsi qazilərinin hüquqlarının müdafiəsi və onların üzləşdiyi sosial, tibbi və inzibati problemlər haqda fikirlərini açıqlayıb:
QHT.az həmin fikirləri təqdim edir:
"Bu gün hansısa yol qaydasını pozub, bu dövlət ücün hec nə etməyən insanın haqqını tələb etməkdənsə qazilərimizin haqqını tələb edin. Çox əfsus olsun ki, belə oyunlara Şəhid ana, atasınıda alət edirlər.
Vətən müharibəsindən 5 il keçir... Qələbənin sevincini birlikdə yaşadıq. Ancaq bu qələbənin ən ağır yükünü daşıyan qazilərimiz bu gün də müharibənin nəticələri ilə yaşayırlar. Döyüş meydanında alınan yaraların müddəti yoxdur. Ağrının müddəti yoxdur. Əməliyyatların, müalicələrin, psixoloji sarsıntıların müddəti yoxdur.
Bəs niyə qazinin əlilliyinə müddət qoyulur?
Niyə sağlamlığı hər gün ağırlaşan qazilər əlilliyin yenidən təyin olunması üçün aylarla gözləməli olur? Niyə zəruri xəstəxana yatışı və müalicə xidmətləri vaxtında təmin edilmir? Niyə Vətən uğrunda sağlamlığını itirən insanlar öz qanuni hüquqlarını əldə etmək üçün müxtəlif qapıları döyməyə məcbur qalırlar? "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq bəyan edirik ki, bu məsələlər artıq təkcə sosial problem deyil, həm də dövlət-vətəndaş etimadına təsir edən ciddi bir məsələdir.
- Qazilərin əlillik statusunun qiymətləndirilməsi obyektiv və vaxtında həyata keçirilsin;
- Zəruri tibbi müayinə, müalicə və xəstəxana yatışı gecikdirilməsin;
- Müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin hüquqları qanunun tələblərinə uyğun şəkildə tam təmin edilsin;
- Qazilər bürokratik maneələrə deyil, dövlət qayğısına şahid olsunlar.
Bu xalq qazilərini heç vaxt tək qoymayıb. İnanırıq ki, dövlətimiz də onların hüquqlarının qorunmasını daim diqqətdə saxlayacaq. Qazinin haqqını qorumaq yalnız qanuni öhdəlik deyil, həm də şəhidlərimizin əmanətinə, Vətən uğrunda verilən qurbanlara hörmətin ifadəsidir. Bu müraciətimiz aidiyyəti dövlət qurumlarına, Milli Məclisə, Ombudsman Aparatına, media, TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və bütün cəmiyyətə ünvanlanır.
Qazinin haqqı gözləməməlidir. Vətən uğrunda verilən sağlamlığın qarşılığı laqeydlik olmamalıdır".












