"Düşünürəm ki, Azərbaycan polisinin fəaliyyətini qiymətləndirərkən məsələyə yalnız cinayət statistikası prizmasından baxmaq düzgün olmaz. Yəni təkcə demək olmaz ki, bu qədər cinayət baş verib, bu qədər cinayətin üstü açılıb. Məncə, bu yanaşma polisin fəaliyyətini kifayət qədər dar çərçivədə qiymətləndirmək deməkdir. Polis daha geniş miqyaslı fəaliyyət həyata keçirir".
Bu fikirləri Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT.az-a açıqlamaslnda bildirib.
Əliməmməd Nuriyev bildirib ki, polis dövlətin sabitliyinin və ictimai təhlükəsizliyin təmin edilməsində əsas rol oynayan institutdur: “Polis hər şeydən əvvəl dövlətin sabitliyini, ictimai təhlükəsizliyi və qanunçuluğu təmin edən əsas institutlardan biridir, hətta mən deyərdim ki, birincisidir. Vətəndaşların özlərini təhlükəsiz hiss etməsi, gündəlik həyatlarını normal şəkildə davam etdirməsi çox vaxt görünməyən, lakin fasiləsiz polis xidmətinin nəticəsidir”.
Ə.Nuriyevin sözlərinə görə, son illərdə polis sistemində genişmiqyaslı islahatlar və müasirləşmə prosesi həyata keçirilib: “Əlbəttə, son illərdə bu sahədə ciddi dəyişikliklər baş verib. Qanunvericilik daha da təkmilləşdirilib, institusional islahatlar həyata keçirilib. Polis orqanlarının maddi-texniki bazası gücləndirilib, rəqəmsal həllər tətbiq olunub, xidmətlərin elektronlaşdırılması genişləndirilib, əməkdaşların peşə hazırlığı yüksəldilib və sosial təminatı yaxşılaşdırılıb. Bütün bunlar polis sisteminin müasirləşməsinə mühüm töhfə verib. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti polis xidmətinin yeni çağırışlara uyğunlaşmasını təmin edir”.
Sədr vurğulayıb ki, müasir dövrdə vətəndaşlar polisdən həm peşəkarlıq, həm də hüquqlarına hörmət gözləyirlər: “Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri kimi müxtəlif xarakterli vətəndaş müraciətləri ilə işləyərkən bir məqamı xüsusilə müşahidə edirəm. Bu gün insanlar polis əməkdaşlarından yalnız qanunun tətbiqini deyil, eyni zamanda hüquqlarına hörmətlə yanaşılmasını, aydın izah verilməsini və obyektiv münasibət göstərilməsini gözləyirlər. Məncə, müasir polisin fəaliyyətinin keyfiyyəti artıq təkcə operativ nəticələrlə deyil, həm də vətəndaş etimadının səviyyəsi ilə ölçülür”.
Əliməmməd Nuriyev qeyd edib ki, vətəndaş müraciətlərinə obyektiv baxılması polis fəaliyyətinin əsas prioritetlərindən biridir: “Bu gün cənab nazirin də xüsusi vurğuladığı mühüm məsələlərdən biri vətəndaş müraciətlərinə və şikayətlərinə obyektiv baxılmasıdır. Hər bir müraciət diqqətlə araşdırılmalı, hər bir vətəndaşın hüquqları qorunmalıdır. Bu istiqamətdə son illərdə müsbət dinamika müşahidə olunur və hesab edirəm ki, bu proses ardıcıl şəkildə davam etdirilməlidir. Bu da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən polis əməkdaşları qarşısında daim prioritet vəzifə kimi müəyyən edilmişdir”.
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan polisi döyüş meydanında və xidmətdə dövlətə sədaqətini böyük fədakarlıqlarla sübut edib: “Azərbaycan polisi Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də antiterror tədbirlərində dövlətə və xalqa sədaqətini əməli fəaliyyəti ilə nümayiş etdirib. Birinci Qarabağ müharibəsində 1700 polis əməkdaşı şəhid olub. İkinci Qarabağ müharibəsində və antiterror tədbirlərində isə 66 polis əməkdaşı şəhid olub. 4 polis əməkdaşı “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, yüzlərlə polis əməkdaşı isə dövlət orden və medalları ilə təltif edilib”.
Sədr bildirib ki, polisin əsas missiyası cəmiyyətə xidmət etmək və insanları qorumaqdır: “Bütün bunlar göstərir ki, polisin fəaliyyəti təkcə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsindən ibarət deyil. Polis daha geniş miqyasda ictimai xidmətlər həyata keçirən bir institutdur. Bu gün polisin əsas təyinatı cəmiyyətə xidmət göstərməkdir. Məhz bu baxımdan polisin idarəetmə fəlsəfəsində mühüm dəyişikliklər baş verib və bu yanaşma davamlı şəkildə inkişaf etdirilir. Hesab edirəm ki, hüquq-mühafizə sistemi daim dəyişən risklərə uyğun olaraq inkişaf etməlidir. Dünənin polisi, bugünün polisi və sabahın polisi fərqli dövrlərin tələblərinə uyğun olaraq müxtəlif vəzifələr yerinə yetirir. Missiyalar zaman keçdikcə dəyişir və gələcəkdə də dəyişəcək. Lakin bir missiya heç vaxt dəyişməyəcək – bu, insanları qorumaq missiyasıdır”.
Əliməmməd Nuriyev vurğulayıb ki, yeni təhlükələr polis fəaliyyətində texnoloji və peşəkar inkişafı zəruri edir: “Bu gün kibercinayətkarlıq, virtual məkanda törədilən cinayətlər, rəqəmsal fırıldaqçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi hüquq-mühafizə orqanları qarşısında yeni vəzifələr müəyyənləşdirir. Buna görə də texnoloji imkanların genişləndirilməsi, süni intellekt əsaslı analitik sistemlərin tətbiqi, əməkdaşların ixtisaslaşmasının daha da dərinləşdirilməsi və profilaktik fəaliyyətin gücləndirilməsi əsas prioritetlərdən olmalıdır”.
Ə.Nuriyevin sözlərinə görə, polis təhsilində müasir texnologiyalar və kibertəhlükəsizlik istiqamətləri ön plana çıxarılır: “Artıq Polis Akademiyasında, eləcə də digər polis tədris müəssisələrində tədris proqramları müasir dövrün tələblərinə uyğun olaraq yenilənir. Rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, virtual məkanda törədilən cinayətlərlə mübarizənin müasir alət və üsullarını mənimsəməyə imkan verən ixtisaslar və təlim proqramları genişləndirilir. Hesab edirəm ki, bu, son dərəcə vacib istiqamətdir”.
Sədr qeyd edib ki, risk əsaslı qiymətləndirmə polis fəaliyyətinin səmərəliliyini artıran əsas mexanizmlərdən olmalıdır: “Bununla yanaşı, risk əsaslı qiymətləndirmə polis fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Təhlükələrin əvvəlcədən müəyyən edilməsi və onların qarşısının vaxtında alınması hüquq-mühafizə fəaliyyətinin səmərəliliyini daha da artıracaq”.
Əliməmməd Nuriyev bildirib ki, polis-vətəndaş etimadının möhkəmləndirilməsi hüquq-mühafizə sisteminin gələcək inkişafı üçün vacibdir: “Eyni zamanda, ictimai etimadın qorunması gələcək inkişafın başlıca şərtidir. Polis ilə vətəndaş arasında qarşılıqlı etimad nə qədər güclü olarsa, qanunçuluğun təmin edilməsi də bir o qədər səmərəli olar. Bu baxımdan ictimai nəzarət institutları ilə əməkdaşlığın genişləndirilməsini, vətəndaş müraciətlərinə həssas yanaşılmasını və fəaliyyətin şəffaflığının daha da gücləndirilməsini vacib hesab edirəm”.
Ə.Nuriyevin sözlərinə görə, polis orqanlarında ictimai iştirakçılığın genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etimadı gücləndirir: “Sevindirici haldır ki, polis orqanlarında ictimai iştirakçılıq getdikcə genişlənir. Bildiyiniz kimi, artıq beş ildir ki, Daxili İşlər Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərir. Şuranın tərkibi qanunvericiliyin tələblərinə uyğun olaraq mütəmadi yenilənir. Bu, ictimai iştirakçılığın mühüm formalarından biridir. Bununla yanaşı, daxili işlər orqanları vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını da daha da genişləndirir. Hesab edirəm ki, bu istiqamət ictimai etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sonda, Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, başda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla, səmimi-qəlbdən təbrik edirəm”.
Sədr vurğulayıb ki, şəhid polis əməkdaşlarının xatirəsi hər zaman ehtiramla anılmalıdır: “Xidmət veteranlarına dərin hörmət və ehtiramımı bildirir, xidməti vəzifələrini yerinə yetirərkən, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş polis əməkdaşlarının əziz xatirəsini minnətdarlıqla və ehtiramla yad edirəm”.
Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan polisi gələcəkdə də dövlətə və xalqa yüksək peşəkarlıqla xidmət edəcək: “Azərbaycan polisinin bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin və hüquq qaydasının etibarlı təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində öz şərəfli missiyasını yüksək peşəkarlıqla davam etdirəcəyinə inanıram”.
Sədr sonda bütün polis əməkdaşlarına sağlamlıq, uğurlar və Vətənə xidmətdə nailiyyətlər arzulayıb: “Bütün polis əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, xidmətdə yeni uğurlar və Vətənə xidmət yolunda daim müvəffəqiyyətlər arzulayıram”.
Ə.Nuriyev çıxışının sonunda Azərbaycan Polisi Günü münasibətilə təbriklərini çatdırıb.












