"Azərbaycan polisi haqqında danışmaq doğrudan da böyük fəxr və qürur hissi yaradır. Bu gün Azərbaycan Polisi özünün 108 illiyini qeyd edir. Polis peşəsi ən şərəfli peşələrdən biridir. Bu peşənin sahibləri ölkədə ictimai asayişin qorunması, insanların təhlükəsizliyi, əhalinin rahat və sabit şəraitdə yaşaması naminə gecə-gündüz yorulmadan çalışırlar. Azərbaycan polisini dəyərləndirmək və onların əməyinə qiymət vermək hər bir vətəndaşın borcudur".
Bu fikirləri "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.
Z.Nuriyevanın sözlərinə görə, Azərbaycan Polisi Ümummilli Lider Heydər Əliyevin xüsusi dəyər verdiyi dövlət qurumlarından biridir və bu münasibət Polis Gününün təsis olunmasında da öz əksini tapıb: "Düşünürəm ki, Azərbaycan Polisi Ümummilli Lider Heydər Əliyevin xüsusi dəyər verdiyi dövlət qurumlarından biridir. O, polisə olan etimadını və inamını hər zaman ifadə edib. Məhz bunun nəticəsi olaraq 1998-ci il iyulun 2-də Azərbaycan Polisi Günü təsis olunub".
Zülfiyyə Nuriyeva bildirib ki, Azərbaycan Polisi cinayətkarlıq və digər hüquqpozmalara qarşı mübarizədə mühüm fəaliyyət göstərir: "Bu gün Azərbaycan Polisi cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və insan alverinə qarşı mübarizədə çox fəal iştirak edir, bu istiqamətdə mühüm addımlar atır. Cinayətlərin qarşısının alınması sahəsində polis əməkdaşları daim ayıq-sayıq xidmət aparırlar".
Sədr vurğulayıb ki, polis əməkdaşları yalnız xidmətdə deyil, fövqəladə hallarda da vətəndaşların yanında olurlar: "Bununla yanaşı, təbii fəlakətlər zamanı da polis əməkdaşlarının hər zaman ön sırada olduğunu görmüşük. Bu, birbaşa onların vəzifəsinə aid olmasa belə, onlar hər zaman vətəndaşın yanında olur, köməyini əsirgəmir, diqqət və qayğı göstərirlər".
Z.Nuriyevanın fikrincə, polis peşəsi böyük fədakarlıq tələb edən şərəfli xidmət sahəsidir: "Ümumiyyətlə, polis olmaq çox şərəfli peşədir. Bu şərəfli peşədə həyatını riskə ataraq çalışan bütün polis əməkdaşlarını, o cümlədən xanım polisləri, ən yüksək rütbəli əməkdaşlardan sıravi polis əməkdaşlarınadək hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıram".
O qeyd edib ki, Azərbaycan polisi cəmiyyətin ən çox etibar etdiyi qurumlardan biridir: "Başda cənab nazir Vilayət Eyvazov olmaqla Azərbaycan polisinin bütün şəxsi heyətinə bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Bu gün hər bir vətəndaş polisə güvənir. Vətəndaşın güvən ünvanlarından biri Azərbaycan Polisidir. Harada köməyə ehtiyacımız olsa, "102" xidmətinə müraciət etməklə polis əməkdaşlarını yanımızda görə bilirik. Bu da cəmiyyətin polisə olan etimadının göstəricisidir".
Sədrin sözlərinə görə, polis əməkdaşlarının peşəkarlığı və dövlətə sədaqəti yüksək qiymətləndirilməlidir: "Azərbaycan polisinin fəaliyyətini və cəmiyyətimizdəki rolunu çox yüksək qiymətləndirirəm. Bu illər ərzində həyata keçirdiyi uğurlu əməliyyatlar, göstərdiyi dəstək və müxtəlif sahələrdə nümayiş etdirdiyi peşəkarlıq hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir. Bu, polis əməkdaşlarının milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə və andlarına daim sadiq qaldıqlarının bariz nümunəsidir".
Zülfiyyə Nuriyeva hesab edir ki, polis sıralarına gənclərin marağının artırılması gələcək üçün vacib məsələlərdən biridir: "Gələcəkdə Azərbaycan polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün gənclərin polis sıralarında xidmətə marağının artırılmasını arzulayıram. Bu şərəfli peşə ilə məşğul olmaq hər bir gənc üçün böyük qürur mənbəyidir. Polis xidmətində fiziki hazırlıq, yüksək intizam, vətənpərvərlik ruhu və dövlətə sədaqət mühüm əhəmiyyət daşıyır".
O əlavə edib ki, polis peşəsinin əhəmiyyəti gənc nəslə erkən yaşlardan aşılanmalıdır: "Polis olmaq adi peşə deyil. Bütün peşələr dəyərlidir, lakin polis insanların təhlükəsizliyini təmin edən, dövlətə və xalqa xidmət edən ali peşələrdən biridir. Hesab edirəm ki, polis peşəsinin əhəmiyyəti uşaqlara hələ kiçik yaşlarından – məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində aşılanmalıdır. Gənclər erkən yaşlarından həm fiziki hazırlıqlarını möhkəmləndirməli, həm də vətənə xidmət ruhunda böyüməlidirlər".
Sonda sədr Azərbaycan polisi üçün xoş arzularını çatdırıb: "Bu gün münasibətilə Azərbaycan polisini bir daha ürəkdən təbrik edir, hər bir polis əməkdaşına möhkəm cansağlığı, fəaliyyətində uğurlar və şərəfli xidmət arzulayıram. Bayramınız mübarək olsun!"
Fatimə Nəbiyeva












