Lənkəran, Salyan və Neftçala rayonlarında həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi üzrə hazırlıq işləri davam etdirilir.

Bu barədə QHT.az-a “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Lənkəran Şəhər, Salyan və Neftçala rayon icra hakimiyyətləri ilə əlaqələr yaradılıb, nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı ilkin müzakirələr aparılıb.

Akif Kərimovun sözlərinə görə, icra hakimiyyətlərinin müvafiq nümayəndələri ilə birlikdə təşkilati hazırlıq işləri həyata keçirilib:

“Görüşlər zamanı tədbirlərin keçiriləcəyi məkanlar, iştirakçıların müəyyənləşdirilməsi, yerli icmaların, bələdiyyələrin, din xadimlərinin, ziyalıların, ağsaqqal və ağbirçəklərin, eləcə də ictimai fəalların müzakirələrə cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirlərə dəvət olunacaq iştirakçıların ilkin siyahısı hazırlanıb. Müzakirələrə cəlb edilməsi nəzərdə tutulan ekspertlər barədə məlumatlar da aidiyyəti icra hakimiyyətlərinə təqdim olunub”.

Birlik sədri qeyd edib ki, layihənin əsas məqsədi toy və yas mərasimlərində israfçılığın azaldılmasına, ailələrin maliyyə yükünün yüngülləşdirilməsinə, qida israfının qarşısının alınmasına və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməkdir.

“Layihə çərçivəsində hər üç rayonda yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici görüşlər və ictimai müzakirələr keçiriləcək. Görüşlərdə sadə və ölçülü toy və yas mərasimlərinin təşviqi, ailələrin lazımsız xərclərdən qorunması və bu sahədə ictimai məsuliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq. İştirakçılara mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər də təqdim ediləcək”, – deyə Akif Kərimov bildirib.

Qeyd edək ki, üç ay müddətində icra olunması nəzərdə tutulan layihə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilir.