“Məişət zorakılığı dediyimiz fenomen ilə mübarizə üçün ilk baxışdan gərəkli olan ilk alət kimi məhz maarifləndirmə nəzərdə tutula bilər. Amma təcrübə də göstərir ki, əgər onunla yanaşı paralel şəkildə kompleks tədbirlər görülməzsə maarifləndirmənin heç bir faydası olmayacaq. Çünki məişət zorakılığının baş verməsi, onun yaranma səbəbləri çox dərində olur”.
Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov qadınlara qarşı zorakılıq və məişət zorakılığının artması ilə bağlı hansı sosial tədbirlər görülə biləcəyi, cəmiyyətin bu məsələdə maarifləndirilməsi üçün nələr etmək lazım olduğu haqqında QHT.az-a açıqlamasında bildirib. QHT sədri bildirib ki, istənilən zorakılıq aktını, hadisəsini təhlil edəndə həmin zorakılığın yaranması üçün hansısa bir əlverişli mühit olduğunu aşkar etmək olur: “Mənim öz yanaşmama görə, məişət zorakılığı ilə ailədaxili zorakılıq eyni deyil, ən azından o səbəbdən ki, məişət zəminində yaranan zorakılıq mütlə deyil ki, elə ailə daxilində baş versin və əksinə. Bir çox yanaşmalarda isə biz bunların eyni olduğunu görürük. Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulması deməkdir ki, o da ya ayrı-ayrılıqda, ya da bir-biri ilə kəsişən 4 formada (fiziki, seksual, psixoloji və iqtisadi) özünü büruzə verə bilir. Qadınlara qarşı bu hadisələr ailə daxilində də baş verməyə bilər. Bu baxımdan olduqca vacib məsələ zorakılığın baş verməsinə səbəb olacaq mühitin aradan qaldırılmasıdır. Bunun üçün maarifləndirmə tədbirləri hədəfli şəkildə təşkil olunmalıdır. Bu işlər isə həm bu sahədə ixtisaslaşan QHT-lər, həm də aidiyyəti dövlət qurumlarının peşəkar qrupları tərəfindən aparılmalıdır”.
Beynəlxalq praktikaya nəzər salan Azər Allahverənov qeyd edib ki, mövcud yanaşmalar məişət zorakılığına qarşı yönəlibsə onların böyük əksəriyyəti sadə deyil. O, müxtəlif yanaşmaların olduğunu, hər birinin baş vermiş hadisənin mahiyyəti və xüsusiyyəti ilə bağlı olduğunu qeyd edib: “Digər bir məqam zərər çəkmiş şəxslərin təhlükəsiz şəraitdə yaşaması, yaşayış yeri ilə təmin olunması böhran mərkəzləri, sığınacaqlar, hansısa qapalı məkanlar ola bilər ki zərər çəkmiş şəxsin zərər verəndən təcrid etmək məqsədilə və ya əksinə fəsadların aradan qaldırılması minumuma endirilsin. Bəzi ölkələrdə cinayət məsuliyyətinin dərəcəsini artırırlar, ağırlaşdırırlar, yəni cinayət məsuliyyətinə daha ağır formada maddələr salınır. Bəzi ölkələrdə bu effekt verə bilər. Qarşısına zərər yetirmək, cinayət məqsədi qoymuş şəxs heç bir cinayət məcəlləsinə baxmayacaqdır. Artıq burada psixoloji pozuntu ilə müşahidə edilən bir proses baş verir. Arıq onun beyni başqa bir istiqamətdədir. Müəyyən şəkildə öz planlarını qura bilər, amma bu o demək deyil ki, bu cinayət məcəlləsinə baxacaqdır, məcəllənin ağırlığını görüb bundan əl çəkəcəkdir. Adətən baxılmır, bu barədə də düşünülmür. Deməli mübarizə strategiyası qurulan zaman elə bir alqoritm düşünülməlidir ki, bu kimi təhlükələrin yaranmasını minimuma endirməlidir”.
Digər bir məsələ həmin şəxsə hərtərəfli, hüquqi, psixoloji, tibbi, sosial yardım göstərilməli, bu sahədə çalışan şəxslərin peşəkarlığının artırılmasının vacib məsələlərdən olduğunu vurğulayan QHT sədri bunun maarifləndirmə ilə paralel aparılmalı olduğunu da qeyd edib: “Bunlar kompleks tədbirlər tələb edən məsələlərdir. Vacib bir məqam ailədaxili zorakılığın və məişət zorakılığının baş verməsinin qarşısının alınmasıdır. Tutaq ki, qeyd etdiyimiz kimi, 4 forma varsa, hər bir formanın yaranma səbəbləri var. Hər bir formanın baş vermə səbəbləri, bunun üçün əlverişli mühiti var. İqtisadi zəmində baş verən zorakılıq maddi zəmində hər hansı bir mübahisədən yaranırsa, sonradan bu mübahisələr daha böyük münaqişələrə səbəb olur. Burada zorakılığın psixoloji zəmində baş verdiyini görürük. Belə olan halda iqtisadi azadlıq təmin olunmalıdır. Necə təmin oluna bilər? Qadınları maarifləndirmək, peşəyə yiyələnmək, kurslara yönəltmək, müxtəlif imkanlar yaratmaq, iqtisadi müstəqiyllik yaratmaq gələcəkdə iqtisadi zəmində baş verəcək münaqişənin aradan qaldırılmasına gətirib çıxara bilər. Mütləq bu sadaladıqlarım məsələlər dövlət daxilində, yol xəritəsi səviyyəsində qəbul etmək bəlkə də çətin olar. Dövlətlə bağlı olan məsələlər həllini daha rahat şəkildə tapa bilər, çünki kifayət qədər resursları var. Bu ailədaxili zorakılığın ayrı-ayrı seqmentlər, elementlər və komponentlər üzrə QHT-lər çox vacib işlər həyata keçirmək iqtidarındadırlar. Dövlət də bunun üçün zəruri imkanlar və əlverişli mühit formalaşdırmaqla bütün maraqlı tərəflərin iştirakı ilə çox uğurlu bir mübarizə strategiyasının həyata keçirilməsi üçün mühüm əsaslar yaratmış olar. Bu kontekstdə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi qadınlara qarşı zorkalıqla əlaqədar çox uğurlu bir mübarizə alqoritminin işə salınmasına səbəb olacaqdır”.
Pərvanə Fərhadqızı












