Azərbaycan və Türkiyə arasında münasibətlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları (QHT) arasında da geniş əməkdaşlıq imkanları yaradıb. İki ölkə arasında mövcud olan tarixi, milli, dil və mədəni bağlar QHT-lər arasında əlaqələrin inkişafı üçün möhkəm zəmin formalaşdırır. Son illərdə qarşılıqlı səfərlərin, forumların, görüşlərin, memorandumların və birgə təşəbbüslərin artması bu əməkdaşlığın daha institusional xarakter aldığını göstərir.
Azərbaycan–Türkiyə QHT əməkdaşlığının ən böyük üstünlüklərindən biri qarşılıqlı etimad və ortaq dəyərlərdir. İki ölkə cəmiyyətləri arasında mövcud olan yaxın münasibətlər QHT-lərin tərəfdaşlıq qurmasını digər ölkələrlə müqayisədə daha asanlaşdırır. Eyni zamanda Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli dövlətlərarası münasibətlər və “bir millət, iki dövlət” anlayışı vətəndaş cəmiyyəti əlaqələrinin inkişafına əlverişli mühit yaradır.
Əməkdaşlığın digər güclü tərəfi onun praktiki xarakter almasıdır. QHT-lər arasında keçirilən forumlar, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və əməkdaşlıq memorandumları təşkilatlar arasında birbaşa əlaqələrin qurulmasına imkan verir. Bu proses xüsusilə gənclər, sosial sahibkarlıq, humanitar fəaliyyət, sosial xidmətlər, mədəniyyət və vətəndaş cəmiyyətinin inkişafı kimi sahələrdə daha çox nəzərə çarpır.
Bununla yanaşı, Azərbaycan və Türkiyənin QHT sektorları arasında təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur. Türkiyənin uzunmüddətli QHT təcrübəsi, beynəlxalq layihələrdə iştirakı və müxtəlif vətəndaş cəmiyyəti modelləri Azərbaycan təşkilatları üçün faydalı təcrübə mənbəyi ola bilər. Azərbaycan QHT-ləri də öz növbəsində regional əməkdaşlıq, humanitar fəaliyyət, postmünaqişə və milli-mədəni məsələlər üzrə təcrübələrini bölüşə bilərlər.
Məsələnin ən praktik cəhəti isə Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarının mövcudluğudur. Azərbaycan və Türkiyə QHT-ləri yalnız ikitərəfli deyil, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türk dövlətlərinin vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə layihələr həyata keçirmək imkanına malikdir. Bu baxımdan Azərbaycan–Türkiyə QHT əməkdaşlığı türk dünyasında daha geniş vətəndaş cəmiyyəti şəbəkəsinin formalaşması üçün mühüm baza rolunu oynaya bilər.
Ancaq ümumilikdə iki tərəfli əməkdaşlığın çatmayan cəhətləri də mövcuddur. Buna nümunə olaraq, həyata keçirilən tədbirlərdən davamlı layihələrə keçidin tam təmin olunmamasıdır. Forumlar, konfranslar və görüşlər tərəfdaşların bir araya gəlməsi baxımından əhəmiyyətlidir. Lakin belə tədbirlərin nəticələrinin konkret layihələrə, uzunmüddətli proqramlara və ölçülə bilən nəticələrə çevrilməsi daha da gücləndirilməlidir. Əks halda əməkdaşlıq müəyyən hallarda tədbir və görüş səviyyəsində qalmaq riski daşıyır.

Azərbaycan və Türkiyə QHT-lərinin birgə fəaliyyətini dəstəkləyən xüsusi qrant və maliyyə mexanizmlərinin genişləndirilməsi əməkdaşlığın davamlılığına ciddi töhfə verə bilər. Xüsusilə kiçik və orta ölçülü QHT-lərin beynəlxalq layihələrə çıxış imkanlarının artırılması vacibdir.
Sosial, humanitar, mədəni və gənclər sahələrində əlaqələr daha fəal olsa da, ekologiya, iqlim dəyişiklikləri, rəqəmsal hüquqlar, süni intellekt, sosial innovasiya, inklüzivlik və yerli icmaların inkişafı kimi yeni istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi mümkündür. Hansı ki bu sahədə hələdə ciddi irəliləyişin şahidi ola bilməmişik.
Eyni zamanda, iki ölkənin QHT sektorlarının institusional imkanları və beynəlxalq layihə təcrübəsi arasında müəyyən fərqlər mövcuddur. Türkiyədə QHT sektorunun daha böyük və müxtəlif olması bəzi hallarda tərəfdaşlar arasında imkan fərqinin yaranmasına səbəb ola bilər. Bu baxımdan təcrübə mübadiləsi yalnız layihələrin məzmunu ilə məhdudlaşmamalı, QHT idarəçiliyi, maliyyə menecmenti, donorlarla iş, layihələrin monitorinqi və qiymətləndirilməsi kimi sahələri də əhatə etməlidir.
Digər tərəfdən, QHT-lər haqqında qarşılıqlı məlumat mübadiləsinin sistemləşdirilməsi də vacib məsələlərdəndir. Azərbaycan və Türkiyədə fəaliyyət göstərən QHT-lərin fəaliyyət istiqamətlərini, təcrübəsini və layihə imkanlarını əks etdirən müasir və daim yenilənən məlumat platformasının yaradılması potensial tərəfdaşların daha asan tapılmasına kömək edə bilər.
Ümumilikdə, Azərbaycan–Türkiyə QHT əlaqələrinin əsas gücü ortaq tarix və dəyərlər, yüksək qarşılıqlı etimad, güclü dövlətlərarası münasibətlər, mövcud institusional əlaqələr və praktiki əməkdaşlıq təcrübəsidir. Əsas zəiflik isə bu güclü potensialın hələ bütün QHT sektorunu əhatə edən, davamlı və ölçülə bilən layihə mexanizminə tam çevrilməməsidir.
Bu baxımdan gələcək mərhələdə daimi Azərbaycan–Türkiyə QHT platformasının gücləndirilməsi, birgə qrant proqramlarının yaradılması, uzunmüddətli layihələrin sayının artırılması, daha çox QHT-nin prosesə cəlb edilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə mexanizmlər yaradılarsa, Azərbaycan–Türkiyə QHT əməkdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasında vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafında nümunəvi modelə çevrilə bilər.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Macarıstan QHT-lərinin Əməkdaşlıq Forumu” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.