İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Avropanın siyasi mərkəzi sayılan Belçikanın paytaxtı Brüsseldə sentyabrın 26-da "Qara dəniz regionunda sülh və təhlükəsizlik üçün qüvvələri birləşdirən qadınlar" adlı beynəlxalq konfrans keçirəcək.
QHT.az xəbər verir ki, konfransın məqsədi Qara dəniz ölkələrinin ərazilərində mövcud olan münaqişələrin sona çatması və bu münaqişələrin sülh müqaviləsi ilə nəticələnməsinə çağırışdır. Konfransda Qara Dəniz ölkələri – Ukrayna, Gürcüstan, Moldova və s. kimi ölkələrin ərazilərində hələ də davam edən münaqişələr, Azərbaycanın isə Qarabağ probleminin həllini tapmasına baxmayaraq, Ermənistanın sülhdən yayınması və bu vəziyyətdən ən çox qadınlar və uşaqların zərər görməsi müzakirə mövzusu olacaq. Həmçinin, Qərbi Azərbaycandan olan məcburi köçkünlərin öz yurdlarına qayıdışı da konfransın əsas məsələləri arasında olacaq.
Bu məqsədlə beynəlxalq təşkilatların bu regionlarda sülhə dəstək verməsi, qadınların sülh quruculuğunda iştirakının dəstəklənməsi üçün dövlət başçılarına və beynəlxalq təşkilatlara müraciət qəbul ediləcəkdir.
Birlikdən verilən məlumata görə, konfransda Qara Dəniz ölkələrinin qadın vətəndaş cəmiyyəti nümayəndələri, BMT-nin Qadın Proqramının Brüssel nümayəndəliyinin rəhbəri, Avropa Şurasının Brüssel ofisinin rəhbəri, NATO-nun Brüssel qərargahının nümayəndələri, beynəlxalq platformaların və yerli vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.












