Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir. 2 gün davam edəcək aksiyada müxtəlif sahələr üzrə peşəkər həkimlər tərəfindən müayinələr həyata keçiriləcək.
QHT.az xəbər verir ki, aksiya çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Həmçinin Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovla “Regional İnkişaf” İctimai Birliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Samiq Sadıxov son dövrlərdə muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlardan və icrası nəzərdə tutulan layihələrdən bəhs edib.
Görüş zamanı ötən il təşkil edilən “Diabet mənim dostumdur” adlı layihədən hazırlanmış videoçarxın təqdimatı qonaqlarda xoş təəssürat yaradıb. Sonda qonaqlar səhiyyə sistemində həyata keçirilən bu layihələrin çox əhəmiyyətli olduğunu vurğulayaraq bu layihələrin Azərbaycanın digər regionlarında da tətbiq olunmasının zəruriliyini bildirib.






