Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən 3 dövlət qurumunun və 8 İctimai birliyin nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri təyin edilib.
QHT.az xəbər verir ki, VCT nümayəndələri Prezidentin onlara göstərdiyi etimata görə, öz sosial şəbəkə hesablarından təşəkkürlərini bildiriblər.
Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
"Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlüyünə məni layiq gördüyünüz üçün çox-çox minnətdaram! Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin təşəkkürümü bildirirəm."
Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
"Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında həmin sektorun fəallarına göstərilən etimad və dövlət dəstəyinin formalaşdırılmasında iştirakımıza yaratdığı şəraitə görə cənab Prezidentə təşəkkür edirəm. İnşallah, əldə etdiyimiz təcrübə və bilik bu sektora olan inamı bərpa etməklə yanaşı, onun inkişafına və cəmiyyət üçün xeyirli fəaliyyət göstərməsinə xidmət edəcəkdir."
İsrayıl İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri
"25 ildir QHT sektorunda çalışmışam, harada olmağımdan asılı olmayaraq bu sektorun verdikləri bacarıq və biliklərdən istifadə etmişəm. Azərbaycanımızın inkişafı, dövlət və dövlətçiliyimiz, milli maraqlar əsas prioritetimiz olub. Müvəffəqiyyətlərimiz və çətinliklərimizdə az olmayıb, vətəndaş cəmiyyətinin ölkəyə verəcəyi faydalara həmişə inanmışam. Bu gün isə Cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv təyin olunmuşam. Bu etimada görə Cənab Prezidentə və onun islahatçı komandasına təşəkkür edir, bu sektorun inkişafına var gücümü, bacarıq və təcrübəmi əsirgəməyəcəyimə, mənə göstərilən etimadı doğrultmağa öz verirəm. Müşahidə Şurasının bütün üzvülərini təbrik edir, yaxşı bir komanda şəkilində işləməyə əminliyimi bildirir, fəaliyyətimizdə uğurlar arzulayıram.
Zaur İbrahim – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
"Göstərilən yüksək etimada görə cənab Prezidentə təşəkkür edirəm."
Azay Quliyev – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri
"Cənab Prezidentə yeni yaranmış QHT Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilməyimə görə ürəkdən təşəkkür edir, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək və möhtərəm Prezidentimizin yüksək etimadını daim doğrultmaq üçün var gücümlə çalışacağımı bildirirəm."
Nurəddin Mehdiyev – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
"Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edildim. Yüksək etimada görə təşəkkür edirəm cənab Prezident!"
İlqar Orucov – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri
"Yüksək etimada görə cənab Prezidentə təşəkkür edirəm."
Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.
"Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibində təsdiq olunmağımla bağlı prezidentə, bu işdə əməyi olanlara və məni təbrik edənlərə təşəkkür edirəm. Hər kəsə bəllidir ki, mən müstəqil fəaliyyət göstərirəm, bu fəaliyyətim bundan sonra da dəyişməz olaraq qalacaq. Uzun müddət Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və sədrinin fəaliyyətini tənqid etmişəm. Bu sahədə islahata ehtiyac görmüşəm. Çünki o fəaliyyət mənim kimi heç bir müstəqil QHT rəhbərini qane edə bilməzdi. Düşünmüşəm ki, bu sahədə mütləq dəyişiklik olmalıdı, o dəyişiklik sahənin şəffaflaşmasını və inkişafını təmin etməlidir. Məhz ona görə gələn təkliflə razılaşmışam. Mən QHT sektorunun güclənməsinin, QHT ilə bağlı qanunvericiliyin dəyişməsinin, bu sahədə şəffaflığın tərəfdarıyam, fəaliyyətim də elə bu istiqamətdə olacaq. İndidən fəaliyyətim haqqında danışmağım bəlkə də yaxşı çıxmaz, amma izləyib özünüz qiymət verəcəksiniz."












