Oktyabrın 18-də miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə Miqrasiya Əməkdaşlıq Platforması təsis edilib.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a bildirib ki, miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərmək məqsədilə təsis olunan Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirəcək, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdıracaq və həllinə səbəb olacaq təkliflər paketini hazırlayaraq aidiyyəti üzrə təqdim edəcəkdir: “Koalisiya şəklində fəaliyyət göstərəcək Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət yaradılmış Əlaqələndirmə Mərkəzi vasitəsilə həyata keçiriləcək. Şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında fəaliyyət göstərən Platforma özünün gündəlik işini onun tərkibində yaradılacaq, daimi və müvəqqəti əsaslarla fəaliyyət göstərəcək işçi qruplar vasitəsilə həyata keçiriəcəkdir”.

QHT sədri həmçinin bildirib ki, yuxarıda qeyd olunan məqsəd və vəzifələr ətrafında səylərin səfərbər olunmasında maraqlı olan Platforma miqrasiya sahəsində çalışan dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları və özəl sektorda təmsil olunan maraqlı tərəfdaşları əməkdaşlığa dəvət edir: “Yaxın bir ay ərzində Miqrasiya Əməkdaşlıq Platformasının geniş təqdimatının keçirilməsi planlaşdırılır”.

 

Pərvanə Fərhadqızı