Ermənistan tərəfinin Ağdamın minlanmış ərazilərinin xəritəsinin təqdim etməsi Azərbaycanın, xüsusən də cənab Prezident İlham Əliyevin çox böyük diplomatik uğurudur.  

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, mina xəritəsinin təqdim edilməsi yüzlərlə insanın mina təhlükəsizliyinin təmin edilməsi deməkdir.

“Bu eyni zamanda  Ağdamın qısa müddətdə minalardan təmizlənərək quruculuq-bərpa işlərinin sürətlənməsi, məcburi köçkünlərin qısa zamanda öz ata  yurdlarına dönməsi deməkdir. Ona görə də minalanmış ərazilərin xəritəsinin qaytarılmasının çox böyük siyasi əhəmiyyəti var”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, bu prosesdə dostlar, xüsusən də Gürcüstan Baş naziri, ABŞ, Avropa İttifaqı xüsusi rol oynadı: “Onların bu prosesdə oynadığı rolu yüksək dəyərləndiririk. Bu həm də Ermənistanla Azərbayacan arasında etimad mühitinin formalaşması baxımından mühüm  hadisədir. Şübhə etmirəm ki, yaxın gələcəkdə  Azərbaycan  digər minalanamış ərazilərin xəritəsini  almağa nail olacaq. Bu addımlar qarşılıqlı etimad mühitinin yaranmasına və nəticə etibarı ilə geniş sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Sülh sazişinin imzalanması isə Cənubi Qafqazda  davamlı sülhün və sabitliyin yaranmasına səbəb olar. Bütövlükdə  bütün bu addımlar  Azərbaycanın strateji maraqlarına və hədəflərinı uyğun olan məsələdir”.

Mürtəza
Ölkə.Az