"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mina terrorunun məsum qurbanlarının həyat hekayələri" adlı layihənin icrasına başlayıb.
QHT.az bildirir ki, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinn sədri Könül Quliyeva bildirib ki, Azərbaycan dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə 1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış hərbi sursartlarla çirklənib.
Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru nəticəsində 1991-ci ildən bəri təxminən 4 minə yaxın azərbaycanlı mina terrorunun qurbanı olub. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək ümumilikdə 433 şəxs bu terrorun qurbanı olub və onlardan 73 nəfəri həlak olub, 360 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alıb: "Göründüyü kimi, gerçək mina xəritələrini Azərbaycana verməkdən imtina edən Ermənistanın mina terroru davam edir.
Bu terrorun qurbanları arasında
360 uşaq da var" .
QHT sədri qeyd edib ki, layihənin əsas məqsədi Ermənistanın mina terrorunun qurbanlarından olan uşaqlarıın acı həyat hekayələrini qələmə alıb ictimailəşdirməkdir:
"Bu məqsədlə Ağdam, Tərtər, Tovuz və Qazax rayonlarında mina terrorunun qurbanları olan uşaqlarla (hər rayonda bir uşaqla) görüşməyi və onların acı həyat hekayələrini qələmə alıb ictimailəşdirməklə beynəlxalq ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ermənilərin mina terrorunu davam etdirdiyini göstərməkdir".






