MİDİB təşkilatı “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransı təşkil edib

 

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB təşkilatının) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin yekun tədbiri 26 noyabr 2022-ci il tarixində Bakıda “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfrans formatında təşkil olunub. Sözügedən tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Qərbi Kaspi Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Odlar Yurdu Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Sumqayıt Dövlət Universitetinin fəal tələbələri, müəllimləri, həmçinin digər gənclər təşkilatının üzvləri və qonaqlar iştirak edib.

 

Tədbir iki hissədə “AzərSu” ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) konfrans zalında təşkil olunub. Tədbirin birinci hissəsində oktyabr-noyabr aylarında layihə çərçivəsində “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimi keçmiş 120 nəfər gəncin öz layihələrinin və məhsullarının sərgisi ilə başlamış, sonra isə müxtəlif mövzularda və məruzəçilərin çıxışları ilə davam etmişdir.

 

Tədbiri giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumatı və əldə olunmuş nəticələri öz çıxış təqdimatında təqdim edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaq olmuşdur. 

 

Layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində iş planına uyğun olaraq davam etmişdir. 

 

Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim təşkil olunmuşdur. Təlim zamanı peşəkar təlimçilər və qonaq məruzəçilər tələbələrə “Sosial və ekoloji problemlər”, “İcma quruculuğu və problemlərin birgə həlli yolları”, “Sahibkarlıq fəaliyyəti”, “Sosial sahibkarlıq”, “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, “Biznes və marketinq planlama və onların əhəmiyyəti”, “Sosial-iqtisadi-ekoloji problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” və “Dövlətin maliyyə və dəstək mexanizmləri” haqqında ətraflı məlumat veriblər. 

 

Təlimlərin sonunda hər bir tələbə fərdi və ya qrup şəklində ev tapşırığı olaraq öz sosial biznes layihələrinin üzərində çalışıb və layihənin yekun tədbiri olan “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda təqdim ediblər.

 

Sonra MİDİB təşkilatının idarə heyətinin sədri və Bakı Mühəndislik Universitetinin “Memarlıq və Şəhərsalma” kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucovun “Dövlət, Universitet və QHT əməkdaşlığı çərçivəsində fəaliyyətinin əhəmiyyəti” haqqında çıxış edib. O, qeyd edib ki, MİDİB təşkilatının icra etdiyi layihə ölkəmizdə yeni “Dövlət, Universitet və QHT əməkdaşlığı” adlı bir platformanın əsasını qoymaqla, Azərbaycan Respublikasının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının "1.1.22. Fəaliyyət istiqaməti:

 

 Sahibkarların rəqabət qabiliyyətinin yüksəldilməsi" üzrə “Yaşıl artım” və sosial sahibkarlığın inkişaf etdirilməsi üçün mexanizmlərin tətbiqinin təşviq etməyə də dəstək kimi qiymətləndirmək olar. S.Orucov çıxışının sonunda bütün təlim iştirakçılarını təbrik etmiş və onlara gələcək karyeralarında uğurlar arzulamışdırlar.

 

“Azərbaycanda ilk MÜLK adlı Sosial müəssisənin təşkili və uğur hekayəsi” haqqında “Cığır” MDİD İB-nin idarə heyətinin sədri Yeganə Mirzəyevanın çıxışı xüsusilə fərqlənmişdir. O, qeyd etmişdir ki, bir neçə il əvvəl ilk sosial sahibkarlıq fəaliyyətinə QHT nəzdində bir sosial biznes layihəsi kimi başlamış təşkilat bu gün bir çox sosial sahibkarlıq layihələri ilə ölkəmizdə tanınmaqdadır.

 

 Mirzəyeva Y. onu da əlavə edib ki, təşkilatlarının icra etdiyi bir layihə çərçivəsində yeni bir vebsayt (www.sosialsahibkarliq.org) da istifadəyə verilib. O, hesab edir ki, sayt gənc sosial sahibkarlar və maraqlı tərəflər (şəxslər) üçün çox faydalı olacaqdır.

 

Tədbirdə həmçinin “SuKanal” ETLİ-nun direktor müavini Elnur Nəsirovun “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri və onun Sosial sahibkarlıqla əlaqəsi”, “AIESEC in Azerbaijan” təşkilatının Marketinq üzrə Lokal Komittə rəhbəri Nicat Tahirlinin “Gənc sosial sahibkarlar üçün təklif olunan proqramlar”, Beynəlxalq Məşqçilik (Koçinq) Təhsil Akademiyasının rəhbəri Senem Egilmezer-in “Sosial sahibkarlıq və kouçinq fəaliyyəti ilə dünyanı gücləndirin !”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Birgə İnvest” MMC-nin layihələr üzrə baş meneceri Vidadi Baxışovun “Sosial sahibkarlığın inkişaf etdirilməsi üçün dövlətin maliyyə dəstək mexanizmləri”, “Azərbaycan Françayzinq Mərkəzi” MMC-nin rəhbəri Elnur İslamovun "Sosial sahibkarlıqda françayzinqin əhəmiyyəti", “Kiber Təhlükəsizlik Platforması” MMC-nin rəhbəri Şahin Alıyevin “Sosial sahibkarlıqda Kiber Təhlükəsizliyin vacibliyi” və "BİM4Azerbaijan" İnşaat sektorunun rəqəmsal transformasiya mərkəzinin rəhbəri Mehmet Egilmezer-in "Sosial sahibkarlıqda biznes layihələrin peşəkarcasına idarəetməyin önəmi" mövzularında çıxışları maraqla dinlənilmişdir. Tədbir müxtəlif çıxışlarla davam etmiş və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.