"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Qadın Dəstək Xəttinin rəhbəri Kəmalə Aşumova QHT.az-a məişət zorakılığına məruz qalan qadınlara yardımın vacibliyi ilə bağlı açıqlama verib. O, zorakılığın təbiəti və onun təsvir edildiyi "Zorakılıq Dövrəsi" modeli haqqında məlumat paylaşaraq, qadınların bu dövrəni başa düşməsinin önəmli olduğunu bildirib.
QHT sədri qeyd edib ki, məişət zorakılığı üç əsas mərhələdən ibarət olur: gərginlik mərhələsi, zorakılıq mərhələsi və barışıq və vəd mərhələsi. Bu mərhələlər qadınların zorakılıq təkrarlanmasına baxmayaraq, ümidlə qarşı tərəfin dəyişəcəyini düşünməsinə səbəb ola bilər.
O vurğulayıb ki, zorakılıq dövrəsini qırmaq mümkündür və bu prosesin ilk addımı qadınların təhlükəsizliyini təmin etmək və peşəkar dəstək almaqdır. Bu məqsədlə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin Qadın Dəstək Xidməti 24/7 fəaliyyət göstərərək zorakılığa məruz qalan qadınlara psixoloji, hüquqi və sosial dəstək göstərir. Kəmalə Aşumova bildirib ki, “Qadın Dəstək Xətti” zorakılıq qurbanlarını hüquqi məsləhətlər, tibbi xidmətlər, məşğulluq imkanları və reabilitasiya mərkəzləri ilə təmin edir. Həmçinin qadınların ailə və sosial mühitlərini nəzərə alaraq fərdi ehtiyaclara uyğun dəstək verir.
“Yardım istəmək zəiflik deyil, əksinə, güc nümayişidir. Qadın Dəstək Xidməti hər zaman zorakılıq qurbanlarının yanındadır və onların azad bir gələcəyə qovuşmasında dəstək verməyə hazırdır”, - deyə QHT sədri açıqlamasını yekunlaşdırıb.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” ilə əlaqə saxlamaq üçün hər kəs müraciət edə bilər. Xidmət məişət zorakılığından əziyyət çəkən qadınlara yardım göstərməklə yanaşı, onların uşaqları üçün də dəstək proqramları təşkil edir.
Pərvanə Fərhadqızı






