MTDİB.Bakı. 12 iyul 2023.​ Azərbaycan və Ermənistan KİV-lərinin post-münaqişə dövründəki fəaliyyətləri tədqiq ediləcək, onların sülhyaratma prosesinə təsirləri araşdırılacaq, prosesində iştiraklarını stimullaşdırmaq üçün tədbirlər keçiriləcək.

 

Fəaliyyət​ Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)​ tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə​ çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi​ ​ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

​Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün əldə edilməsində medianın rolunu yüksək qiymətləndirirlər: “ Müharibənin bitməsi, atəşkəs​ razılaşdırmasının imzalanması davamlı ​ sülhün yaranması üçün kifayət etmir. Davamlı sülhün əldə edilməsi üçün münaqişə​ tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Bu prosesdə medianın roluna ciddi ​ önəm verilir”.

Müşfiq Ələsgərli əlavə edib ki, 3 ​ ay müddətində davam edəcək layihə çərçivəsində Azərbaycan və Ermənistan KİV-lərinin monitorinqi aparılacaq: “Ermənistanın rəsmi təmsilçiləri iddia edirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışırlar. Reallıqda isə cəmiyyəti sülhə hazırlamırlar. Ermənistan mediasının fəaliyyətində, vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında sülhə yönəlik​ sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Təəssüf ki, onların bu yöndə neqativ fəaliyyətləri ​ indiyədək konkret hesabat formasında​ əks etdirilməyib, beynəlxalq təşkilatlara təqdim olunmayıb. Biz belə bir hesabatı hazırlayıb bütün ünvanlara göndərəcəyik”.

 

​Layihə çərçivəsində Azərbaycan jurnalistlərinin iştirakı ilə seminar və konfransların keçirilməsi də planlaşdırılıb: “Seminarlara qatılacaq jurnalistlərə sülhyaratma prosesində medianın rolunu ehtiva edən beynəlxalq nəzəriyyələr barədə bilgilər veriləcək; sülh prosesinə töhvə verə bilən məqalələrin hazırlanması yönündə vərdişlər formalaşdırılacaq”