Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumda iştirak edir. O, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə Forumda təmsil olunub.
QHT.az xəbər verir ki, Forum çərçivəsində Leyla Əliyeva “Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər” adlı paneldə çıxış edib. O, çıxışı zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verib. Fondun təhsil, səhiyyə, sosial rifah və mədəni irsin qorunması sahələrində gördüyü işlər panel iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Ər-Riyad Beynəlxalq Humanitar Forumu humanitar yardım və könüllülük sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif ölkələrin dövlət və qeyri-hökumət təşkilatlarını, eləcə də beynəlxalq ekspertləri bir araya gətirir.
Pərvanə Fərhadqızı






