"İnkişafa Doğru Qadın Təşəbbüsü" İB-nin sədri Ziba Nəbiyeva "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində layihənin əhəmiyyətini vurğuladı və onun davamlılığının təmin edilməsinin vacibliyini qeyd etdi.

QHT.az xəbər verir ki, Ziba Nəbiyeva çıxışında, "Bu layihə təbriklərə layiqdir. Düşünürəm ki, bunun bazasında resursları daha da genişləndirmək mümkündür. Burada müzakirə olunan muzey ideyası çox əhəmiyyətlidir. Sumqayıtda olan muzeyin videosunu çəkib elektron muzey halına gətirmək geniş insan kütləsinə çatmaq baxımından müsbət olar," dedi.

QHT sədri həmçinin, layihənin arxivlə bağlı əhəmiyyətini vurğulayaraq, "Çox sayda tarixçi alimimiz var ki, bu mövzuda elmi tədqiqatlar aparıb. Onların işlərini arxiv bölməsində təqdim etmək, xaricdən gələn insanların bu resurslara daxil olmasını asanlaşdırar," deyərək fikirlərini bölüşdü. Layihənin genişləndirilməsi üçün müxtəlif tövsiyələr verən Ziba Nəbiyeva, “Təqdimatı aidiyyatı təsisatlarda etmək, alimləri cəlb etmək çox vacibdir. Tarix İnstitutu və Elmlər Akademiyası bu işlərdə iştirak edə bilər,” əlavə etdi.

Sonda Ziba Nəbiyeva, layihə iştirakçılarına uğurlar arzuladı və gələcək fəaliyyətlərdə dəstəkləyici olduqları üçün təşəkkür etdi. Bu cür təşəbbüslərin, Qərbi Azərbaycanla bağlı məlumatların yayılması və elmi-tədqiqat işlərinin dəstəklənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “qerbiazerbaycanirsi.az” (“westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

Pərvanə Fərhadqızı

QHT.az