Latviya Respublikasının sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Faila Abbasova Bakıda səfərdədir. Səfər zamanı Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Faila Abbasova arasında görüş keçirilib.
QHT.az xəbər verir ki, görüş zamanı hər iki ölkənin Mediasiya Şuraları arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadilələrinin təşkil edilməsi, hər iki ölkənin mediasiya qurumları beynəlxalq platformalarda həmrək iştirakı məsələləri müzakirə edilib. Eyni zamanda hər iki ölkənin mediasiya qurumları arasında bu əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi ilə memorandum imzalanması qərarı alınıb.
Bakı şəhərində imzalanması nəzərdə tutulan memorandumun imza mərasimində Faila Abbasovanın ölkəmizi təmsil edən mediatorlarla görüşü və Latviya Respublikasının təcrübəsi barədə də məlumat təqdim etməsi nəzərdə tutulur. Faila Abbasovanın Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və mediasiya təşkilatları ilə də görüşləri planlaşdırılıb.
Diqqətinizə çatdıraq ki, xanım Faila Abbasova əslən Azərbaycandandır və o, uşaqlıq və yeniyetməlik illərində Bakıda yaşayıb.










