“Regional İnkişaf” İctimai Birliyinin Şirvan-Salyan regionu üzrə könüllüləri üçün həyata keçirilən “KürsüdəSən” – natiqlik müsabiqəsi çərçivəsində mayın 15-də Neftçala rayon Heydər Əliyev Mərkəzində təlimlər təşkil edilib.

QHT.az xəbər verir ki, layihəyə qoşulan könüllülərin natiqlik üzrə maraqları nəzərə alınaraq, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, təlimçi Fəxrəddin Abdullayev tərəfindən “Natiqliyin əsasları: auditoriya, nitq və ritorika” mövzusunda, təlimçi Fəxri Məhəmmədzadə tərəfindən isə “Natiqliyin funksiyaları: planlama, təqdimat bacarıqları və strukturu” mövzusunda təlim keçilib. Təlimlər zamanı könüllülər keçilən mövzular üzrə qrup şəklində və fərdi qaydada təqdimatlar hazırlayıb, həmçinin müzakirələrdə iştirak ediblər.

Qeyd edək ki, layihənin məqsədi region gənclərinin natiqlik, özünüifadəetmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda ideya və startapları olan könüllülər üçün uğurlu təqdimat təcrübəsi qazandırmaqdır. Növbəti mərhələdə könüllülər münsiflər və digər iştirakçılar qarşısında müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edəcəklər. Sonda ən uğurlu 4 təqdimatın sahibi seçilərək, mükafatlandırılacaq.