BMT-nin İnkişaf Proqamı Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində iqlim təsirlərinin daha çox özünü göstərdiyi həssas bölgələrdə zəhmətkeş fermerlərə dəstək olmağa davam edir.
QHT.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlıq, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə Salyan və Neftçala rayonlarında “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda növbəti təlim keçirilib. Təlim zamanı yerli aqrar mütəxəssislərlə birgə kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaq, quraqlığa və şoranlığa davamlı taxıl sortlarının becərilməsi, damcı və digər müasir suvarma sistemləri kimi effektiv su idarəetmə üsullarının tətbiqi və meyvə bağlarına təsir göstərə biləcək gözlənilməyən hava şəraitlərinə hazırlıqlı olmaq kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu təlimlər həm də iştirakçılar üçün su ehtiyatlarının idarə olunması sahəsində gender dinamikasını dərindən araşdırmağa imkan yaradır. Təlim səfərində yerli məsləhətçilər iqlim dəyişikliyinin kişilərə və qadınlara təsirinin fərqli yollarına diqqət çəkib və su ehtiyatlarından istifadənin optimallaşdırılmasında hər iki cinsin oynadığı əsas rolları vurğulayıb.
Pərvanə Fərhadqızı












