"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi "Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" layihəsinin icrasını uğurla davam etdirir.

Təşkilatın sədri Rahilə Mehdiyeva QHT.az-a bildirib ki, layihənin icra planına uyğun olaraq tədbirlər Saatlı, Beyləqan və Neftçala rayonlarında keçirilib. Bu tədbirlərdə rayonda fəaliyyət göstərən sahibkarlar, fermerlər, könüllülər və Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər. Tədbirdə İctimai Birliyin sədri Rahilə Mehdiyeva layihə haqqında ətraflı məlumat verib.

Layihə üzrə iqtisadi ekspert Orxan Bayramlı isə çıxış edərək, işğaldan azad edilmiş digər rayonlarımızda aparılan quruculuq işləri ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarında aparılan quruculuq işləri, iqtisadi resurslar və sahibkarlara edilən iqtisadi güzəştlər haqqında geniş məlumat təqdim edib. Dəyirmi masa ətrafında keçirilən görüşdə sahibkarlar müxtəlif təkliflər verərək, onları maraqlandıran suallarla çıxış ediblər. Tədbir geniş müzakirə və sual-cavab formasında davam edib və sonda iştirakçılar birgə şəkil çəkdiriblər."