18 Mart - Ümumdünya Təkrar Emal Günü dünyada iqlim dəyişikliyi ilə mübarizədə təkrar emalın rolunu bir daha gündəmə gətirir. Təkrar emal enerji sərfiyyatını azaldır, istixana qazlarının emissiyasını minimuma endirir və təbii resusların qorunmasına xidmət edir. Qlobal Təkrar Emal Fondunun rəhbərlik etdiyi məqsəd tullantıları iqtisadi dəyərə çevirmək və davamlı gələcək üçün məlumatlılığı artırmaqdır.

Bu sözləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, burada məqsəd israf edilmiş qiymətli resurslar haqqında məlumatlılığı artırmaq, tullantıların idarə edilməsini təkmilləşdirmək və karbon emissiyalarını azaltmaqdır:

"Müasir dövrdə dünya  qarşısında duran ən ciddi problemlərdən biri iqlim dəyişikliyidir.Artan sənayeləşmə, əhalinin çoxalması və resusların həddindən artıq istismarı nəticəsində təbiətə düşən yük getdikcə artır. Bu baxımdan təkrar emal yalnız tullantıların idarə olunması deyil, həm də ekolji tarazlığın qorunması üçün strateji bir vasitədir. Təkrar emal iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. İlk növbədə o, enerji sərfiyatını əhəmiyyətli dərəcədə azaldır. Məsələn, metal, kağız və plastik kimi materialların yenidən emalı yeni xammaldan istehsalla müqayisədə daha az enerji tələb edir. Bu isə birbaşa olaraq atmosferə buraxılan istixana qazlarının azalmasına səbəb olur. Beləliklə,təkrar emal  enerji sərfiyyatını azaldır, təbii resusları qoruyur və ətraf mühitə atılan zərərli qazların miqdarını minimuma endirir. Bu yalnız ekoloji deyil, həm də iqtisadi baxımından böyük əhəmiyyət daşıyır".

 

Pərvanə Fərhadqızı