Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, yaxın qohum evliliyinə qarşı olduğunu və bunun həm genetik, həm də mənəvi baxımdan ciddi problemlərə səbəb ola biləcəyini bildirib.
QHT.az xəbər verir ki, Hüseynli, müxtəlif nəsillərin qohumluğunun daha sağlam və potensiallı yeni genlərə sahib uşaqların doğulmasına səbəb olduğunu vurğulayıb. O, meyvə ağaclarından misal gətirərək, genetik müxtəlifliyin üstünlüklərini izah edib: "Məsələn, albalıya gilas calaq edəndə daha iri və dadlı gilas əmələ gəlir. Amma eyni növ ağacların bir-biri ilə calaq edilməsində bu effekt alınmır və nəticədə cır meyvələr yaranır."
İlqar Hüseynli, qohum evliliyinin qanunla qadağan edilməsinə dair məsələni də şərh edərək, belə bir qanunun tətbiqi zamanı ortaya çıxacaq problemlərə diqqət çəkib. O, nişanlanmış gənclərin vəziyyəti, nigahdankənar və dini nigahlarla bağlı problemlərin həlli yollarının aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Hüseynli, cəmiyyətdə yaxın qohum evliliyinə qarşı fikirlərin artdığını və gənclərin bu cür evlilikləri qəbul etmədiklərini qeyd edib. O, problemi qanunla deyil, sağlam düşüncə və təbliğat yolu ilə həll etməyin daha doğru olacağını bildirib.
Son olaraq, Hüseynli, cəmiyyətdə yaxın qohum evliliyinə dair narahatlıqları və sualları gündəmə gətirərək, bu məsələnin təbliğat və maarifləndirmə yolu ilə həll eildməsinin daha effektiv olacağını vurğulayıb.












