“Şəhərsalma və Memarlıq ili” çərçivəsində həyata keçirilən “III Kəlağayı Festivalı”nın növbəti mərhələsi bu dəfə Sumqayıt şəhərində keçiriləcək.
QHT.az xəbər verir ki, festival 1 iyun 2026-cı il tarixində, saat 15:00-da Heydər Əliyev adına istirahət parkında təşkil olunacaq və milli-mədəni irsimizin təbliği baxımından əlamətdar tədbirlərdən biri olacaq.
Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festival Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.
Festival çərçivəsində Kəlağayı Ev Muzeyinin qədim və müasir kəlağayı nümunələri sərgilənəcək. Eyni zamanda, Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın rəsm işləri nümayiş olunacaq.
Tədbirdə milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı təqdim ediləcək. Qonaqlara Azərbaycanın zəngin folklor ənənələri və milli musiqi mədəniyyəti nümayiş etdiriləcək.






