6 aprel dünyada İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü kimi qeyd olunur. Bu əlamətdar gün idmanın yalnız fiziki sağlamlıq deyil, həm də insanlar arasında dostluq, həmrəylik və sülhün möhkəmlənməsində mühüm rol oynadığını bir daha vurğulayır.
Mövzu ilə bağlı “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az-a açıqlama verib.
6 aprel dünyada İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü kimi qeyd olunur. O, idmanın cəmiyyət həyatındakı rolundan danışıb.
Azər Əliyev bildirib ki, idman yalnız fiziki sağlamlığın qorunmasına xidmət etmir, eyni zamanda insanlar arasında anlaşma, həmrəylik və qarşılıqlı hörmətin formalaşmasına mühüm töhfə verir. Onun sözlərinə görə, idman cəmiyyət daxilində müxtəlif sosial qrupları bir araya gətirən güclü platformadır.
A. Əliyevin sözlərinə görə, xüsusilə gənclərin inkişafında idmanın rolu əvəzsizdir. O qeyd edib ki, idmanla məşğul olan gənclər daha intizamlı, məqsədyönlü və məsuliyyətli fərdlər kimi formalaşır, sağlam həyat tərzini mənimsəyərək zərərli vərdişlərdən uzaq dururlar.
Sədr vurğulayıb ki, “idman gənclərin inkişafında əvəzsiz rol oynayır və onların liderlik bacarıqlarının formalaşmasına mühüm təsir göstərir".
Azər Əliyev əlavə edib ki, yarışlar və komanda oyunları vasitəsilə fərqli düşüncələrə və mədəniyyətlərə sahib insanlar ortaq məqsəd ətrafında birləşirlər. Onun fikrincə, bu amil cəmiyyətdə sülhün və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.
O, regionlarda, xüsusilə Qazax rayonunda gənclərin idmana cəlb olunmasının sosial fəallığın artmasına və sağlam cəmiyyətin formalaşmasına ciddi töhfə verdiyini bildirib.
Sədr qeyd edib ki, “idman müxtəlif sosial qrupları bir araya gətirərək birlik, bərabərlik və sülh mühitinin yaranmasına xidmət edən ən güclü vasitələrdən biridir".
Sonda Azər Əliyev bu əlamətdar gündə hər kəsi idmanın həyatımızdakı rolunu dəyərləndirməyə və sağlam, fəal həyat tərzini seçməyə çağırıb.
Fatimə Nəbiyeva






