Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə 26 fevral 2024-cü ildə Xırdalan şəhər 9 saylı orta ümumtəhsil məktəbində "Xocalıya qayıdış" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən İctimai Şuranın sədri, pedaqoq, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində torpaqlarımızın erməni işğalından azad olunmasını çoxəsrlik tariximizin ən şanlı səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin və qazilərimizin müstəsna qəhrəmanlığı və xalqımızın yumruq kimi Ali Baş Komandan ətrafında birləşməsinin düşmən üzərində möhtəşəm qələbə ilə nəticələndiyini bildirən X. İsmayılova gənc nəslin tariximizi mükəmməl öyrənməsinin vacibliyini qeyd edib.

İctimai Şuranın sədri Xocalı soyqırımının qan yaddaşımıza çevrildiyini və yüzilliklər ötsə də bu faciənin unudulmayacağına inandığını deyib. Sonra məktəblilər əsrin soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə şəhidlərin valideynləri, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri - “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, müəllimlər və digər şəxslər iştirak edib.