Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnurə Abuşova QHT.az-a erkən nikahlarla bağlı geniş açıqlama verib.

“Erkən nikahı müasir cəmiyyətimiz üçün böyük bir bəla hesab edirəm. Təəssüf ki, bəzi bölgələrdə bu hallar geniş yayılıb. Yardımlının Köryədi kəndində iki azyaşlı qızın nişanlanması barədə məlumat əldə etdik və bu barədə Dövlət Komitəsinə məlumat verdik. İşi araşdırmaq üçün Yardımlı Rayon Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına yönləndirdilər. Təəssüf ki, tədbirlər gözlənilən nəticəni vermədi. Həmin qızlar sonradan başqa oğlanlara qoşulub qaçdılar, daha sonra isə polis tərəfindən ailələrinə qaytarıldılar. Lakin cəmiyyətin qınağı həmin qızların həyatını daha da çətinləşdirdi,” - deyə Elnurə Abuşova vurğulayıb.

 

Erkən nikahların fəsadları

Elnurə Abuşova erkən nikahların yalnız həmin qızların taleyini deyil, bütövlükdə cəmiyyətin sağlamlığını təhdid etdiyini qeyd edib:

“Belə hallar təkcə bir kənddə deyil, ölkəmizin bir çox ucqar bölgələrində müşahidə olunur. 15-16 yaşlı qızların ailə qurması onların həm fiziki, həm də psixoloji inkişafına ciddi zərbə vurur. Onlar nə təhsil ala bilir, nə də normal həyatlarını qura bilirlər. Sumqayıtda bir azyaşlı qız sığınacağa yerləşdirilib. Başqa bir azyaşlı isə Salyanda nənəsinin himayəsinə verilib, daha sonra şəhərdə mağazada işləməyə başlayıb. Bu, həmin qızların həyatını daha da mürəkkəbləşdirir.”

 

Bölgələrdə vəziyyət daha ağırdır

QHT sədri bildirib ki, ucqar bölgələrdə 15-16 yaşlı qızların yaşca onlardan 10-15 yaş böyük oğlanlarla nişanlanması adi hala çevrilib. Bu hallar ciddi maarifləndirmə və qanunvericilik tədbirlərinin tətbiqini tələb edir.

“Bəzi kəndlərdə vəziyyət daha dramatikdir. Mənim tanıdığım bir ailənin 32 yaşlı oğlu 15 yaşlı bir qızla nişanlanıb. Belə mənzərələr ölkənin bir çox bölgəsində var. Belə halların qarşısını almaq üçün bütün cəmiyyət olaraq səfərbər olmalıyıq,” - deyə Elnurə Abuşova əlavə edib.

 

Maarifləndirmə və nəzarət zəruridir

Elnurə Abuşova erkən nikahların qarşısını almaq üçün daha sərt nəzarət və maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb. O, xüsusilə valideynlər arasında maarifləndirmə işlərinin gücləndirilməsinin önəmini qeyd edib.

“Bu halların qarşısını almaq üçün valideynlər arasında geniş maarifləndirmə aparılmalı, qanunların tətbiqi isə daha sərt olmalıdır. Azyaşlı qızların taleyi ilə maraqlanan, onlara dəstək olan bir sistem qurulmalıdır,” - deyə Elnurə Abuşova QHT.az-a açıqlamasında bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az